Azərbaycanda 2021-ci ildə pərakəndə ticarət dövriyyəsində POS-terminallarla ödənişlərin həcmi 1 468.61 milyon manat təşkil edib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu da 2020-ci ildəki nəticəni 63% üstələyir. Belə ki, 2020-ci il ərzində 899.02 milyon manatlıq POS terminallarla ödənişlər həyata keçmişdi.
Pərakəndə ticarətdə 2021-ci ilin dördüncü rübü, yaxud oktyabr, noyabr və dekabr ayları üzrə isə POS-terminallarla ödənişlərin həcmi 452.23 milyon manat olub ki, bu da öncəki rübdən (III) 18% çoxdur və ölkə tarixinin maksimum nəticəsdir.
2020-ci ildən başlayaraq Azərbaycan hökuməti pərakəndə ticarətdə əhalinin nağdsız hesablaşmalara meyillənməsi üçün bir sıra layihələr həyata keçirdi. Onlardan ən innovativi isə “ƏDV geri al”ı göstərmək olar. Məsələn, əhali alış-verişdi əldə etdikləri qəbzlərlə məhsulun ƏDV-ni nağd ödənişlər üçün 10%, nağdsız üçün isə 15% “cash back” qazanır. Bu da bir çox əhali üçün isə kartla ödənişdə 5% əlavə gəlir deməkdir.
POS-terminallardan imtina etdikdə isə biznes subyektinə cərimə tətbiq edilir. Qeyd edilənlə bərabər, ölkə bankları da nağdsız hesablaşmalarda xüsusi rol oynayır. Bazarda müxtəlif əlverişli funksiyalarla bank kartları emissiya edir ki, bu da əhalinin nağd vəsaitlərini bank kartlarına köçürməsinə şərait yaradır.