10 C
Baku
Friday, December 13, 2024

Ölkədə yaxınlarına pul göndərənlərin həcmi 14% azalıb, xaricə göndərənlərin isə 40% artıb

2019-cu ildə Azərbaycanın turizm gəlirləri 32% və ya $843 mln. azalaraq 1,8 mlrd. dollara düşüb.

Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik göstəricilərdə qeyd edilir.

“Nəzərə alsaq ki, bu cür sürətli kiçilmə Azərbaycan turizm sektorunun regionumuzdakı 2 əsas rəqib ölkəsində böyümə fonunda baş verib, çox mənfi tendensiyadır”- deyə, ekspert Rövşən Ağayev deyir.

Belə ki, Türkiyənin turizm gəlirləri 25% artıb. Gürcüstan cəmi 1.5% artırıb – lakin, Gürcüstan buna o şəraitdə nail olub ki, Rusiya öz vətəndaşlarına və turizm şirkətlərinə Gürcüstana səfərlər təşkil etməyə embarqo qoydu.

Cari hesablar balansının qeyri-neft sektoru üzrə defisiti 4% (təxminən 300 mln. dollar) artıb.

Azərbaycan Mərkəzi Bankının 2019-cu il üzrə hesabatında qeyd edilir ki, kənarda yaşayan insanlarımızın burdakı yaxınlarına göndərdikləri pul baratlarının həcmi $166 mln.  (14%-ə yaxın) azalaraq $934 mln.-a düşüb.

Bununla bağlı şərh verən R.Ağayev deyir ki, “bu əslində yaxşı tendensiya deyil. Həm burda insanlarımızın gəlirlərinə kənardan gələn remitansların mühüm təsiri var, həm də bu vəsaitlər bizim cari hesablarda kəsiri azaldan əsas mənbələrdən biridir. 2020-ci ildə Rusiyadakı durum onu deməyə əsas verir ki, həmin pul axınları daha da azala bilər – çünki ötən böhranların təcrübəsi göstərir ki, neftin qiymətində kəskin azalma olan dövrlərdə Azərbaycana şimal qonşusunda işləyən insanlarımızdan pul göndərmələri də nəzərəçarpacaq dərəcədə azalır”.

Ən maraqlısı odur ki, 2019-cu ildə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmində kəskin artım baş verib – təxminən 40% (140 mln. USD) artaraq $501 mln.-a çatıb.

“Bu pul axınlarının hansı ölkələrə istiqamətlənməsi çox maraqlıdır. Çünki biz uzun illərdir əsasən remitans qəbul edən ölkə olmuşuq. Birdən-birə həm də remitans göndərən ölkəyə çevrilməyimiz çox maraqlı faktdır”.

2019-cu ildə xarici neft şirkətləri vasitəsilə Azərbaycandan $5,722 mlrd. vəsait çıxarılıb – ondan $3,222 mlrd. investisiyaların, $2,500 mlrd. isə qazandıqları mənfəətin repatriasiaysı olub, yəni ölkədən kapital axını baş verib.

“Məlumat üçün deyim ki, 2019-cu il ərzində neft sektorunda göstərilən tikinti xidmətləri üçün də qeyri-rezidentlərə $1 mlrd.-dan bir qədər çox vəsait ödənib. Nəticədə xarici neft layihələrinə görə ölkədən çıxan xarici valyutanın ümumi həcmi onların işçilərinin maaşları da nəzərə alınmaqla təxminən $7 mlrd. USD təşkil edib. Lakin həmin xarici neft müqavilələri çərçivəsində ölkəyə daxil olan valyuta həcmi $4,8 mlrd.-a yaxın olub – onun $450 mln. neft bonusu, $4,275 mlrd. isə neft sektoruna birbaşa investisiya qoyuluşları olub.

Beləliklə, xarici neft kontraktları üzrə tədiyə balansını qiymətləndirməsi olsaq, həmin mənbə üzrə balansın ümumu kəsiri $2.2 mlrd. yaxındır”, deyə R.Ağayev deyir.

2019-cu ildə xarici krediitlərə və qiymətli kağızlar formasında borclara görə $820 mln. ödənib – təxminən 2018-də olduğu qədər.

Son xəbərlər
Digər xəbərlər