Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra getdikcə daha çox ölkə qızıl ehtiyatlarını artırmağa başlayıb. Bu barədə “Reuters” agentliyi Amerikanın “Invesco” investisiya şirkətinin mərkəzi bankları və suveren fondlar arasında keçirdiyi sorğunun məlumatlarına istinadən məlumat yayıb.
Sorğuya əsasən, 85 suveren fondun və 57 mərkəzi bankın 85%-dən çoxu inflyasiyanın yaxın onillikdə keçmişlə müqayisədə daha yüksək olacağına inanır. Qərbin keçən il Rusiyanın 640 milyard dollarlıq valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurması mərkəzi bankların böyük bir hissəsini narahat edən presedent yaradıb.
Eyni zamanda, respondentlərin 60%-i Qərbin qoyduğu presedentin yalnız qızılın cəlbediciliyini artırdığını düşünür. Bundan əlavə, bu il respondentlərin 68%-i qızılı evdə saxlamağa başladıqlarını bildirib. 2020-ci ildə sorğu iştirakçılarının 50%-i qızıl ehtiyatlarını evdə saxlayıb.
Çətin geosiyasi vəziyyət bəzi mərkəzi bankların qızıl aktivlərini təhlükəsiz sığınacaq kimi saxlamaq üçün öz ölkələrinə qaytarmasına səbəb olub. Bundan əlavə, sorğuda iştirak edənlərin 80%-i yaxın onillikdə geosiyasi gərginliyin əsas risk olacağı qənaətindədir.
Aprelin 22-də “The Epoch Times” qəzeti yazıb ki, Çin Mərkəzi Bankı son beş ayda qızıl ehtiyatlarını artırır, eyni zamanda ABŞ-ın istiqrazlarını azaldır.
Daha əvvəl bildirilib ki, dünya mərkəzi bankları birinci rübdə rekord həcmdə qızıl alıblar.