12 C
Baku
Saturday, November 23, 2024

Ölkəmizdə 4 günlük iş həftəsinin tətbiqinə nə maneə olur?

Məlum olduğu kimi İslandiya, İrlandiya və Belçika kimi ölkələrdə tətbiqinə başlanılan, həmçinin bir sıra şirkətlər tərəfindən artıq tətbiq edilən 4 günlük iş həftəsi sosial və psixoloji tədqiqatların nəticələrinə əsasən effektivliyi ilə ön plana çıxmaqdadır.

Bəs ölkəmizdə bu rejimin tətbiqində qanunvericilik baxımından hər hansı maneə mövcuddurmu?

Beynəlxalq Əmək Təşkilatının əmək hüquq münasibətlərinin təşkili ilə bağlı başlıca prinsipləri və beynəlxalq təcrübəyə uyğun formalaşan normativ yanaşmanı özündə əks etdirən Konstitusiyamızın müddəaları, bununla yanaşı, əmək qanunvericiliyimizin tələbləri əmək hüquq münasibətlərində iş rejimi ilə bağlı bir sıra tələblər müəyyən etmişdir.

1) Bu tələblərə müvafiq olaraq həftəlik iş saatının müddətinin 40 saatdan, gündəlik iş saatının müddətinin isə 8 saatdan artıq olmayaraq tətbiqinin mütləq olması müəyyən edilir.

2) Gündəlik iş saatları arası müddət baxımından isə qanunvericilik bitən iş saatı ilə başlayan iş saatı arası istirahət müddətinin 12 saatdan az olmamasını şərtləndirir.

3) Həftəlik iş saatları baxımından isə qeyd edilir ki, həftələrarası istirahət günlərinin sayı 5 günlük həftədə 2, 6 günlük həftədə isə 1 gün olmalıdır.

4) İşin həcminin çoxluğu baxımından isə mövcud tələblərə əsasən iki ardıcıl iş günü üzrə iş vaxtından əlavə işin müddəti iki gün üçün 4 saat, ağır və zərərli işlərdə çalışanlar üçün isə 2 saatdan artıq ola bilməz. Nəzərə almaq lazımdır ki, artırılmış iş saatı üçün əvəz ödənilməli və əmək haqqına əlavələr edilməlidir.

5) Onu da qeyd etmək lazımdır ki, gün ərzində iş vaxtının müddəti və ya həftəlik iş günlərinin sayı kimi məsələlər müəssisədaxili qaydalarla müəyyən edilir və bu qaydalar qanunvericiliyin tələblərinə zidd ola bilməz.

6) Qanunvericiliyə əsasən hər il dekabr ayının sonlarında növbəti il üçün normal (gündəlik 8, həftəlik 40 saat) iş vaxtı üzrə istehsalat təqvimi açıqlanır. Normal iş vaxtı isə 5 günlük rejim olaraq başa düşülür. Halbuki qanunvericiliyə əsasən natamam və ya qısaldılmış olaraq əmək müqaviləsində nəzərdə tutulmaqla iş vaxtının rejimini tətbiq etmək mümkündür.

Göründüyü kimi ölkəmizdə xüsusilə  özəl sektor üçün iş vaxtının rejimi baxımından 4 günlük rejimə keçməklə bağlı hər hansı məhdudiyyət mövcud deyil. Əksinə qanunvericilik həftə ərzində 4 günlük və maksimum 8 saatlıq rejimin tətbiqinə imkanları nəzərdə tutmuşdur. Ölkəmizdə özəl sektorun məhsuldarlığının artırılması imkanları ilə bağlı beynəlxalq təcrübəni tətbiqi halı mümkün sayılır. Əsas zəruri olan məsələ istehsalatın fasiləsizliyi olduqda isə işəgötürənlərin iş vaxtı rejimini düzgün tənzimləməsi və növbəlilik cədvəllərinin tətbiqi bu məsələnin həllinə gətirə bilər.

Dövlət qulluğunda isə xüsusi qanunvericilik yanaşması mövcuddur. Belə ki, dövlət qulluğunda da həftəlik iş vaxtının müddəti 40 saat müəyyən edilmişdir. Buna baxmayaraq, qulluq üçün zəruri olduqda iş vaxtının aylıq əvəzi ödənilmədən 5 saatadək artırılması, əvəzi ödənilməklə isə 5 saatdan daha çox artırılması mümkünlüyü nəzərdə tutulmuşdur.

Həmçinin qeyd edilir ki, dövlət qulluqçularının kateqoriyaları baxımından 40 saatdan da az olmaqla qısaldılmış iş saatlarının nəzərdə tutulması mümkündür.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər