“Kapital Bank” ASC-nin törəmə maliyyə təşkilatı “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC 2 milyon manatlıq faizli borc cəlb edir.
Banker.az BOKT-nin sənədinə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar buraxacaq.
İstiqrazlar illik 11.5 faizlə təqdim ediləcək.
BOKT son üç ili zərərlə başa vurub. Belə ki, 2022, 2023 və 2024-cü illərdə 265 min, 117 min və 402 min manat zərər edib.
Bununla belə, Azərbaycanda BOKT sektoru üzrə mənfəətlilik yüksəlib. 2024-cü ildə BOKT-lər yüksək mənfəətlilik (xalis mənfəət – 157 mln. manat) əldə etmişdir ki, bu da 2023-cü ilin mənfəətindən təqribən 2 dəfə çoxdur. Sektorun ROA (aktivlər üzrə gəlirlilik) və ROE (kapital üzrə gəlirlilik) göstəriciləri müvafiq olaraq 15.8% və 34.4% təşkil etmişdir.
1 yanvar 2025-ci il tarixinə 87.16 mln. manat cəmi aktivə sahib olub.
“Birkart BOKT” MMC ölkədəki bank olmayan kredit təşkilarları sektorunda ən böyük nizamnamə kapitalına malik BOKT-dir. 30.01.2025 tarixli məlumata əsasən BOKT-nin 98,8 milyon manat nizamnamə kapitalına malikdir ki, bu məlumat Mərkəzi bankın eyni tarixli dövr üzrə açıqlanan statistik məlumatlarında 93 BOKT üzrə ümumi nizamnamə kapitalının 241.3 milyon manat vəsaitin 41 faizinə bərabərdir. Eyni zamanda, 2024-cü il üzrə audit edilmiş maliyyə hesabatına əsasən Pul vəsaitləri və onların ekvivalentləri 1 milyon 116 min manat, cari öhdəlikləri isə 610 manatdır. Belə ki, cari maliyyələşmə və likvidlik səviyyəsinin yaxın gələcəkdə də “Birkart BOKT” tərəfindən təmin olunması gözlənilir.
Məlumat üçün qeyd edək ki, 2024-cü ildə istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam edib. İl ərzində kredit portfeli 35% (208 mln. manat) artaraq 808 mln. manat olub. İstehlak kreditləri üzrə illik artım 41% (150 mln. manat) olmuşdur və 2024-cü ilin sonuna BOKT-lərin kredit portfelinin 63.4%-i (512 mln. manat) istehlak kreditləri təşkil edib.