Azərbaycanın ilk Vençur Kapital Fondu – “Caucasus Ventures MMC” Kommandit Ortaqlığı yaradılıb.
Banker.az-a daxil olan məlumata görə, Fonda Kərimov Məmməd Paşa oğlu (Məmməd Kərim) rəhbərlik edəcək. Bu barədə Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatda bildirilir.
Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir.
“Caucasus Ventures” vençur fondu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılıb.
Bununla bağlı ilkin məlumatda qeyd edilirdi ki, sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər.
Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.
Lakin ilkin olaraq onun nizamnamə kapitalı 1 000 manat kimi rəsmiləşib.
Fond (VÖEN: 2007730101), Bakı şəhəri Xətai rayonu, Ağ Şəhər ev.13 m.36-da dövlət qeydiyyatına alınıb.
Bundan öncə isə eyni ünvanda “Caucasus Ventures” MMC təsis edilmişdi.
Azərbaycanın vençur fondu “Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatırmalıdır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən əməkdaşlıqla bağlı bildirmişdi ki, vençur fond innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq.
“PAŞA Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov holdinqin öz tərəfindən fondun uğurlu olması üçün “lazımi dəstəyi əsirgəməyəcəyini” bildirmişdi.