2022-ci ilin 9 ayı üzrə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 4.7 mlrd. dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.4 mlrd. dollar profisit olub.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
İlkin gəlirlər nədir? İlkin gəlirlər dedikdə xariclə qarşılıqlı olaraq əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər nəzərdə tutulur.
Nəticədə ilkin gəlirlər balansında kəsir 4 dəfə artaraq 4.3 mlrd. dollar təşkil edib.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6.5 mlrd. dollar olub. Bunun 83%-i 5.4 mlrd. dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib.
Bu məbləğin isə əsas hissəsini (4.6 mlrd. dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 4.5 mlrd. dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (342.2 mln. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (219.9 mln. $) və digər ödənişlər (199.6 mln. dollar) təşkil edib.