10 C
Baku
Tuesday, November 26, 2024

Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

Ölkənin mobil və telekommunikasiya sektoruda, internet sahəsində ciddi problemlər yaşanır. Artıq rabitənin, internetin dayanıqlığı ilə bağlı problemlər adi hala çevrilib.

Düşünürəm ki problemin köklü səbəbləri əsasən İKT sektorundakı tənzimləmə ilə bağlıdır.

Son dövrlərdə baş verənlər və müşahidələrimiz göstərir ki, NRYTN tənzimlənə ilə bağlı, qayda-qanunların icrası və nəzarətlə bağlı sektorda təsirli addımlar atmaq istəmir və ya bunu bacarmır. Elə hey çalışır ki, nəsə özü xidmət göstərsin, özünün dövlət provayderləri və operatorlarının xətti ilə bazarı əldə saxlasın, aqressiv və konservativ bir siyasət yürüdür.

Düzü anlamıram ki qarşıdakı bir-iki ildə ləğv edilməsi, ən azı yenidən qurulması nəzərdə tutulan bir qurum üçün bu addımlar nəyə xidmət edir.

İnternet sektorundakı mövcud durum

NRYTN-in yeni rəhbərliyi son bir-iki ildə dövlətə məxsus yeraltı və yerüstü kabel-kanal sistemində monitorinq aparıldığı haqqında açıqlama verib.

Bildiyim qədər bu sahədə xeyli yenidənqurma işləri aparılıb.  Lakin proses nədənsə çox uzun çəkdi və hələlik kabel-kanal sistemindən istifadə ilə bağlı heç bir yeni Qaydalar qəbul edilməyib. Həmçinin də özəl sektorun və digər dövlət qurumlarının kabel-kanal sistemindən istifadəsinə qadağalar qoyulub.

Nəticədə Bakı şəhərində və regionlarda internet sektorunda vəziyyət dövlət operatorlarının və dövlət provayderlərinin xeyrinə əhəmiyyətli dərəcədə dəyişib.

Artıq bu sektorda internetin qiymətini və qaydaları birmənalı olaraq diqtə edən dövlət operatorlarıdır. Elə rəsmi açıqlamalarından da bu görsənir. Ötən illərin də təcrübəsi göstərir ki bazarın təxminən 50%-nə nəzarət edən dövlət provayderləri qiyməti endirməsələr özəllərdən endirim gözləməyə dəyməz.

Bütün ölkəboyu fiber-optik internet infrastrukturunu qurmağı da, görünən budur ki dövlət operatorları , BTRİB və Aztelekom öz üzərlərinə götürüblər. Düzü, bilmirəm, resursları, kadrları buna imkan verəcəkmi və biz bu infrastrukturu nə zaman görə biləcəyik?!

Xatırlayıram ki, RYTN-nin ötən rəhbərliyi də uzun illər qapalı müzakirələr apararaq və bu sahəyə məsul şəxslərin səbatsızlığı ucbatından hətta dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulsa belə, “Hər evə optika” adlanan oxşar layihəni icra edə bilmədilər.

İndiki halda isə hətta ölkəboyu nəhəng infrastrukturu olan Delta-ya da mobil internet xidməti üçün imkanlar yaradılmadı. Ölkəyə gətirdiyi internetin pulunu düz-əməlli yığa bilməyən, hökumətin internet bazarına 3-cü backbone provayder gətirəcəyini görən Delta Telekom –da üz tutdu xarici bazara, Yaxın Şərqə və Mərkəzi Asiya bazarlarına internet satmağa. Hansı ki onun mobil internet xidməti Azərbaycanın internet bazarında vəziyyəti xeyli yaxşılaşdıra bilərdi.

Ümumiyyətlə, müşahidələr göstərir ki, hər iki backbone provayder, Delta Telekom və Azertelecom qlobal dünyadan yetərincə sürətdə interneti Azərbaycana gətirib çıxarsalar da bunu yerli bazarda sata bilmirlər. Çünki yerli provayderlər və mobil operatorlar yetərli nəzarət olmadığından, backbone-ların təmiz interneti baha satdığını və infrastrukturun da yararsız olduğunu bildirərək  az internet sürəti almaqda maraqlıdırlar. Bu az sürəti isə onlar çox məharətlə on minlərlə və yüz minlərlə müştəriləri arasında bölüşdürüb sata bilirlər. Sadəcə istifadəçiləri “çəkidə aldatmaqla”.

Ölkəyə gətirilən və əslində istifadəsiz qalan interneti isə backbone provayderlər geriyə xaricə, yaxın ölkələrə satır, çünki orada satılandan ödənişi əldə etmək daha rahatdır və üstəlik də xarici valyuta ilə ödənilir.

Görəsən NRYTN monitorinq aparıbmı ki, ölkədə istehlak olunan toplam internet sürəti nə qədərdir və provayderlərin backbone-lardan aldığı nə qədərdir ?

Nə üçün ölkədə satılan internet sürətin toplam həcmi internet istifadəçilərin sayı və tələbatına rəğmən gülünc dərəcədə aşağıdır?. Bu qədər istifadəçi auditoriyasının, nəhəng işlərin, 2 milyondan çox sosial media istifadəçisinin qarşılığında ölkədə istehlak olunan toplam internet sürəti nə üçün az qala bir neçə böyük şirkətin istifadə etdiyi qədər, təxminən 250 Gb/s olmalıdır ?

İnternet bazarında xüsusi çəkisi olan, yüz minlərlə və milyonlarla istifadəçisi olan  provayder və mobil operatorların aldığı internet trafikin həcmi mövcud problemlərin birbaşa göstəricisidir.

Mobil rabitə haqqında

Son illər mobil rabitə sektorunda da rəqabət xeyli zəifləyib. İstifadəçilərin “hansı mobil operatorun xidmətləri keyfiyyətlidir” sualı adətən cavabsız qalır.

Nar və Bakcell mobil operatorların resurslarının birləşdirilməsindən sonra rəqabətsizlik mühiti daha da güclənib. Bazarda faktiki Nar-Bakcell tandemi və Azercell qalıb. Belə olan halda təbii ki mobil xidmətlərdə rəqabət zəifləməliydi və biz bunu hər gün hiss etməyə başlamışıq.

Ümumiyyətlə isə görünən budur ki, TeliaSonera şirkəti Avrasiya bazarından, o cümlədən də Azərbaycan bazarından çıxmaq istəyini bildirəndən sonra mobil bazarda hökmran mövqedə olan Azercell şirkətinin bazardakı vəziyyəti pisləşməyə doğru gedir. Güman ki şirkətin investisiya imkanları da tükənib.

Uzun müddət rəhbərliyində tez-tez dəyişilən xaricilər olması səbəbindən elə də ciddi oturuşa bilməyən Azertelecom-a yerli peşəkar və təcrübəli  kadrın rəhbərliyə gətirilməsi isə yaxın dövrlərdə bu qurumun və Nar-Bakcell tandeminin də güclənəcəyinin göstəricisi ola bilər.

Mövcud qanunvericiliyə görə mobil bazarda rəqabətsizliyin qarşısını almalı olan qurum məhz NRYTN olmalıdr. Təəssüf ki, bu istiqamətdə hansısa addımlar müşahidə olunmur, monitorinqlər aparılmır, açıqlamlar verilmir.

Dünya təcrübəsi isə göstərir ki normal rəqabət üçün mobil bazarda ən azı 4 operator olmalıdır. Bizdə isə faktiki 3, realda isə 2 mobil operatordur.

Görəsən NRYTN nə düşünür ? Nə üçün rəqabətli mühit üçün, tənzimləmə ilə bağlı təsirli addımlar atmır ?

Osman Gündüz N
Osnman Gündüz

Bir yandan da Strateji Yol Xəritəsinə görə bütün bu problemlərin kökü də elə NRYT Nazirliyinin özünün icra etdiyi funksiyalarla bağlıdır. Yəni, bu sənədə görə adı çəkilən qurum özü ləğv edilərək əvəzində Müstəqil Tənzimləyici Qurum yaradılmalıdır.

Prezident Nazirlər Kabinetindəki son müşavirədəki çıxışında Strateji Yol Xəritəsini icra etməyən qurumları sərt tənqid edib. Təsadüfi deyil ki, Strateji Yol Xəritəsinin Monitorinqinin nəticələrinə görə icra göstəricisi ən zəif olan sahə də məhz telekommunikasiya və İT sahəsidir.

Beləliklə, görünən budur ki, sektorda vəziyyət elə də xoşagələn deyil.

Nə etməli ?

Düşünürəm ki, hökumət İKT sektorunda rəqabəti gücləndirmək, bu sektorda inkişafı təmin etmək üçün ciddi addımlar atmalıdır. Özəl operatorlar və provayderlər üçün dövlətə məxsus rabitə resurslarından, kabel-kanal sistemindən bərabər əsaslarla istifadə imkanları yaradılmalıdır.

Mobil bazara yeni operatorların cəlb edilməsi üçün tender elan olunmalıdır, indiki mərhələdə topdansatış internet bazarında təxminən 20 – 30 % xüsusi çəkiyə malik 2-ci backbone olan Azertelecom-un internet bazarındakı rolunun gücləndirilməsi də ən azı internet sektorunda rəqabəti gücləndirə bilərdi. Fiber-optik infrastrukturun xüsusi çəkisinin qaldırılması üçün resurslar tapılmalı və özəl sektor üçün də imkanlar yaradılmalıdır.

Düşünürəm ki rəqəmsal sahədə istehlakçıların hüquqlarının qorunması işi tam yenidən qurulmalıdır.

Azərbaycan İnternet Forumunun təşəbbüsü ilə irəli sürülən “Asan İnternet” layihəsinin reallaşması da bu sahədə vəziyyəti xeyli yaxşılaşdıra bilərdi.

Dövlət nəzarəti gücləndirilməli və ictimai nəzarət üçün imkanlar yaradılmalıdır. Yeni trendlər ölkəyə gətirilməlidir, maraqlı tərəflərin iştirakı ilə müzakirələr təşkil olunmalıdır.

Eyni zamanda görünür ki, Milli Telekommunikasiya Şurasının yaradılması prosesini sürətləndirmək üçün daha yuxarı səviyyələrdə işlərin aparılması lazımdır.

Son xəbərlər
Digər xəbərlər