Azərbaycanda premium və super benzinlərin qiymətinin yüksək olması ölkədə ona olan tələbatı kəskin endirir və yerli neftayırma zavodundan isə istehsalla bağlı hələ də bir xəbər yoxdur.
Banker.az xəbər verir ki, Azərbaycan YDM-ləri 2022-ci ilin ilk yarısında 150.8 min ton həcmində 95 oktanlı “premium” benzin idxal etdikləri halda, cari ilin analoji dövründə bu rəqəm 39.4 min tona düşüb. Bu, illik müqayisədə 111.4 min tonluq və ya 74 faizlik kəskin azalmadır. Bunu Dövlət Statistika Komitəsi məlumat yayıb.
Azərbaycanda premium benzin Aİ-92 benzinindən sonra ikinci ən çox istehlak edilən benzin markasıdır. Bu yanacaq ölkə daxilində istehsal edilmədiyinə görə, onun qiymətlərinə nəzarət Tarif Şurasının mandatında deyil. Məsələn, Aİ-92 benzinin qiyməti isə neftin qiymətindəki volotelliklərə rəğmən qiymət şurasının verdiyi qərarla tənzimlənir.
Premium benzinin qiyməti dünya bazarlarında neftin qiyməti ilə tənzimlənsə də, bu, son ildə belə olmayıb. Məsələn, ötən il dünyada neft qiymətləri Rusiya-Ukrayna toqquşması şokundan 100 dollar/barelə kimi bahalaşdığı üçün Azərbaycanda premium markalı (95 oktanlı) benzinin bir litrinin qiyməti 1.6 manatdan 2 manata, super markalı benzinin (98 oktanlı) qiyməti isə 1.9 manatdan 2.3 manata yüksəlib.
Neftin qiyməti 2022-ci ilin yayından bu tərəfə barel üçün ucuzlaşaraq 80 dolların altına düşsə belə, YDM-lərdəki qiymətlər dəyişməyib. Ölkəyə idxal edilən premium benzini öncəki ildən orta hesabla 19% ucuz idxal edilir. Premiumun bir tonu ölkəyə 2022-ci ildə $ 1 150-yə başa gəlirdisə, cari ildə bu rəqəm $932-ə düşüb.
98 oktanlı super benzinin Azərbaycana idxalı isə 98% azalıb. Ötən ilin ilk yarısında ölkəyə bu markada 46 267 ton benzin gətirilmişdirsə, cari ildə bu rəqəm 892 tona düşüb.
Ölkədə benzin mühərrikli avtomobillər də premium benzinin istehlakını ildən-ilə azaldır. Onu Aİ-92 ilə əvəz edirlər. Bu isə istehsala öz təsirini göstərməkdədir. Cari ilin ilk 6 ayında Azərbaycanda Aİ-92 benzininin istehsal həcmi illik müqayisədə 39% artaraq 700.6 min tona çatıb.
Neft bazarı üzrə ekspert İlham Şaban da Banker.az-a bununla bağlı şərh verərək deyir ki, indi benzin mühərrikli avtomobil idarə edən sürücülər Aİ-95 benzinini Aİ-92 ilə əvəz edirlər.
“Məsələn, Azərbaycana idxal edilən təzə Çin avtomobillərində istismarla bağlı belə bildirişlər var: Mərkəzi Asiya ölkələrində Aİ-93 markalı yanacaqla sürmək olar, çünki Euro-4 keyfiyyət standartlarına cavab verir, Azərbaycanda isə Aİ-95 tövsiyə edilir, çünki yerli istehsal benzinimiz rəsmən Euro-2 standartları səviyyəsindədir. Ona görə də, yeni nəsil Avropa, Çin maşını alıb 92 benzin vuranlar bir müddət sonra maşınlarının təmiri ilə qənaət etdikləri vəsaiti itirirlər”,- deyə İlham Şaban bildirir.
Qeyd edək ki, ötən ilin yayında hər iki marka benzini ölkəyə gətirən “SOCAR Petroleum” şirkətindən bildirilmişdi ki, ölkədə istehlak olunan benzinin 9 faizi “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür■