Omanla BƏƏ elektrik enerjisi şəbəkələrini birləşdirir. Bu məqsədlə Körfəz Elektrik Rabitəsi Şurası ilə “Sohar International Bank” arasında 500 milyon ABŞ dolları dəyərində mərhələli maliyyələşdirmə sazişi imzalanıb.
Layihə bölgədə enerji təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında enerji ticarəti və mübadiləsinin artırılmasına töhfə verəcək strateji addım kimi qiymətləndirilir.
Layihə çərçivəsində BƏƏ-də Sila stansiyası ilə Oman Sultanlığında Əbri stansiyası arasında 400 kilovoltluq ikidövrəli elektrik xətti çəkiləcək. Xəttin ümumi uzunluğu 530 kilometr təşkil edəcək.
Bundan başqa, Əbridə və BƏƏ-nin Beynunə bölgəsində hərəsi 400 kilovolt gərginlikli iki ötürmə stansiyası inşa ediləcək. Stansiyalar, ümumilikdə 1600 meqavat güc təmin edəcək.
Layihə Körfəz ölkələrinin enerji şəbəkələrinin inteqrasiyası istiqamətində strateji addım olmaqla yanaşı, bölgədə elektrik sistemlərinin etibarlılıq və davamlılığının artırılmasına xidmət edəcək. Bu, həm də qlobal enerji infrastrukturunun inkişafı və dayanıqlı inkişaf hədəfləri ilə uyğunluq təşkil edir.
Körfəz Elektrik Rabitəsi Şurasının İdarə Heyətinin sədri Muhsin bin Həmd əl-Həzrəmi layihəni Körfəz ölkələrinin elektrik şəbəkələrinin inteqrasiyası sahəsində keyfiyyətcə yeni mərhələ adlandırıb.