10 C
Baku
Thursday, December 12, 2024

Ombudsman hərbçilərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün təkliflər verib

Ombudsman hərbçilərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir sıra təkliflər verib.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə görə ödənilən pul təminatı artırılsın. Eyni zamanda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin ölkə üzrə minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılması həyata keçirilsin.

Hərbi qulluqçulara hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılması təklifi də hesabatda əksini tapıb.

Həmçinin qeyd edilib ki, müvəqqəti mənzil kirayəsi üçün hərbi qulluqçulara ödənilən pul məbləğinin artırılmasına baxılsın.

Ombudsman hərbi qulluqçulara ödənilən təminat xərcliyinin, o cümlədən vəzifə maaşının, habelə hərbi rütbəyə və ərzaq təminatına görə ödənilən məbləğin artırılması da məqsədəmüvafiq hesab edir. Bu məzmunlu müraciətlərlə əlaqədar aparılmış araşdırmalar nəticəsində bəzi hərbi qulluqçuların müxtəlif əsaslarla həqiqi hərbi xidmətdən tərxis olunduqları, bəzilərinin isə tərxis olunmalarına dair məsələyə qanunamüvafiq qaydada baxılacağı və qərar qəbul ediləcəyi məlum olub.

Eyni zamanda müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılması təklif olunub.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısa müddətli məzuniyyətin artırılması da təklif edilib. Qeyd edilib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısa müddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təmin edilsin.

Ombudsman eyni zamanda aşağıdakı təkliflərlə çıxış edib:

– “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli, 296-IQ nömrəli Qanununun 4.1-ci maddəsində hərbi qulluqçular üçün nəzərdə tutulmuş sığorta məbləğinin artırılması;

– “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu istisna olmaqla) şamil edilməsi;

– qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmət keçməmiş kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması;

– Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin, həmçinin şəxsi heyətin psixoloji durumunun və hərbi nizamnamələrə uyğun xidmətinin daha da gücləndirilməsi məqsədilə tədbirlərin genişləndirilməsi;

– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali tibb təhsili olan peşəkar və tələb olunan sahələr üzrə ixtisaslı kadrlarla komplektləşməsini təmin etmək üçün Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul sayının artırılması.

Eyni zamanda qeyd edilib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinə görə, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Bununla yanaşı, müvafiq qanunlarda hərbi qulluqçulara bəzi xüsusi xidmətlərə görə də əlavə ödənişlərin verilməsi nəzərdə tutulub.

Ödəmələrin gecikdirilməsi ilə bağlı daxil olmuş müraciətlər də öz həllini tapıb, ərizəçilərə qanunvericilikdə nəzərdə tutulmuş pul kompensasiyaları və digər ödənişlərin verilməsi təmin edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər