Ombudsman özünə yeni hüquqlar verilməsini istəyir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Ombudsmanın qanunvericilik təşəbbüsü hüququnun təsbit olunması, onun insan hüquqlarına dair qanun layihələrinin parlamentdə müzakirəsində iştirak etməsi və rəy bildirməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi, Ombudsmanın Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun qanunvericiliklə təsbit olunması,
Ombudsmanın Məhkəmə-Hüquq Şurasının tərkibində təmsil olunması məsələsinə baxılması təklif olunur.
Göstərilənlərlə yanaşı, Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha effektiv təşkili məqsədilə Ombudsmanın Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər verməklə bağlı mandatından və bu sahədə aktiv fəaliyyətindən irəli gələrək, qanunvericiliklə müəyyən edilmiş qaydada rəy və təkliflərin verilməsi və vizalanması məqsədilə Ombudsmana çoxlu sayda normativ hüquqi akt layihələrinin təqdim edildiyini nəzərə alaraq, habelə müxtəlif dövlət qurumlarının fəaliyyətinə və beynəlxalq təcrübəyə uyğun olaraq, Ombudsmanın aidiyyəti sahədə fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək üçün müvafiq sahə üzrə struktur bölmənin yaradılmasına dəstək verilməsi, BMT-nin “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri”ndən, habelə BMT-nin təşəbbüsü ilə qəbul edilmiş və beynəlxalq səviyyədə milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsi üzrə fəaliyyət istiqamətlərini müəyyən edən Edinburq Bəyannaməsinin tələblərindən irəli gələn tövsiyələrin ölkəmizdə icrası, bununla da qeyd olunan sahədə Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə əlavə resursların təmin edilməsi baxımından, həmçinin xarici təcrübəni nəzərə alaraq, Ombudsman Aparatında “Biznes və insan hüquqları” sahəsində struktur bölmənin yaradılmasının dəstəklənməsi, Konstitusiya Qanununa əsasən, Ombudsmanın “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizm funksiyalarını həyata keçirən Milli Preventiv Qrupunun, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirən monitorinq qruplarının kadr və maddi-texniki təminatının gücləndirilməsi, həmin maliyyələşdirilməsinə zəruri dəstəyin göstərilməsi, Ombudsmanın fəaliyyətinin əsas təminatlarından olan sənədlərin effektiv idarə olunmasını, məlumatların qorunmasını, şəffaflığın və nəzarət mexanizmlərinin tətbiqini, daha dolğun hesabatların və statistik məlumatların hazırlanmasını təmin edən daxili elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsinə maliyyə dəstəyinin verilməsi istənilir.
O cümlədən qlobal səviyyədə yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi praktikasından, habelə bu sahədə xarici ölkələrin müsbət təcrübəsindən irəli gələrək, Ombudsman Aparatında müraciət, sənəd və məlumatların ilkin sistemləşdirilməsi və İşlənilməsində innovativ həllərin tətbiqi, analitik hesabatların hazırlanması və təhlillərin aparılması prosesində effektivliyin artırılması, risklərin və preventiv tədbirlərin proqnozlaşdırılması, Çağrı Mərkəzinin fəaliyyətində səmərəliliyin təmin olunması və bununla da insan hüquq və azadlıqların müdafiəsi sahəsində fəaliyyətin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Süni intellekt”in tətbiqinə zəruri dəstəyin göstərilməsi istənilir.