12 C
Baku
Wednesday, December 11, 2024

“Omikron” ştamı iqtisadiyyatlar üçün böyük problem olarmı? [bloq]

Olarsa Amerika Mərkəzi Bankı – FED-in siyasətində nə dəyişiklik olacaq?

İKİ GÜN ÖNCƏ ABŞ Prezidenti Co Bayden dedi ki, panikaya gərək yoxdur, bağlanmağa da. Sadəcə vaksinlənmə artsın, qalanı düzələcək. Amma “Moderna”nın baş icraçı direktoru deyir hələ tam bilmirik, amma hələ ki, çox da optimist ola bilmirəm. Virusa yoluxub ağır xəstələnən və ölənlər arasında vaksinlənənlər çox daha azdır. Vaksinin konkret faydası budur. İqtisadiyyatları indi bağlamağın faydası çox azdır.

Cənubi Afrika səhiyyə, genomic sequencing (gen ardıcıllığı) araşdırmalarında inkişaf etmiş ölkədir. Virusun yeni variantlarını da tez test edə bilən ölkədir. Çin kimi ört-basdıra getmədi, dəyəcək ziyanı bilsələr də. Yəqin tezliklə elmi məqalələrdə göstərəcəklər vaksinlərin yeni varianta təsiri nədir.

Bu arada Çin çox sərt virus rejiminin əziyyətini çəkir. Mənə elə gəlir, çox bağlı qaldıqlarına görə, sərhədləri açanda daha mənfi təsir görəcəklər.

Bəs FED nə deyir?

Virus iqtisadiyyatları zəiflədə bilər deyə bazara daha çox pul vermə əməliyyatlarını daha da uzadacaq yoxsa inflyasiya təhlükəsi var deyə bazardan qiymətli kağız alımlarını sürətlə azaldıb faizləri daha tez artıracaq? Bu gün vəzifə müddəti artırılan FED rəhbəri Ceremi Puel Senat qarşısında çıxış edəndə deyib ki, artıq müvəqqəti inflyasiya sözünü “pensiyaya göndərməyin” vaxtıdır. Ona görə də bazardan qiymətli kağız alımlarını daha tez dayandıracağıq. Həm də ola bilsin faizləri daha tez qaldırdıq. Bu da o deməkdir ki, gələn ilin ortalarından etibarən ən azı faizlər qalxmağa başlayacaq.

Amerika üçün başqa bir problem var – Xəzinənin borcları. Dekabrda yenə borc limiti məsələsi gəlir, Konqres gərək borc limitini artırmağı təsdiqləsin. Yəqin ki, son günlərə qədər sövdələşib limiti artıracaqlar. Faizlər artarsa Xəzinənin borc faiz yükü də artacaq. Bu da böyük yük olacaq büdcəyə. Amma bir məqamı deyim. Dünyada həm də riski az kağızlara böyük ehtiyac var. Avropada və Yaponiyada (burada Çin banklarının da təsiri var) elə bil çatışmazlıqdır və dollara olan tələbin çoxu elə sırf bu Xəzinə borc kağızlarını əlində tutmaq marağıdır. Son bir-iki ildə əsas alıcılar FED və pensiya fondları idi, xaricilər daha az alırdılar. Amma bilmək olmaz FED bazardan çəkiləndə xarici alıcılar qayıdacaq mı. Alan çox olanda faizlər də aşağı olur. Amma dollara tələb artır. Avro-dollar bazarında bu təsiri görürük. Yen də bu tərəfdə zəifləyir. Əvvəllər Yapon yeni böhran olanda güclənərdi, indi əksinə zəifləyir.

Faizlər qalxanda dollar daha cəlbedici olacaq və maliyyə vəziyyəti zəif və inkişaf etməkdə olan ölkələrin valyutalarına problem yaranacaq. Birincisi elə Türkiyəyə problem olacaq – onlar tərsinə iş görürlər. İnflyasiya qalxıb 30-40 faizə (ən azı) onlar hələ də faiz azaltma fikrindədirlər. Elə ötən gün Türk lirəsi dərhal reaksiya verdi. Yəqin dekabrda da faiz azaldacaqlar, bəlkə də tək rəqəmli faizlərə düşərəcəklər. Bəlkə də dolların 20 lirə olmasını istəyirlər, bazar hələ 13-15-də qalıb. Uzun müddətdə Argentina pesosunun vəziyyətinə düşməsin təki.

Bu arada iki bazar var ki, onlar “Omikron” barədə çox da müsbət deyillər – Neft bazarında qiymətlər enib və Amerika borc bazarında 10 illik borc faizləri azalıb. Maraqlıdır ki, borc bazarındakı aşağı faizlər göstərir ki, bond investorları hələ də inanmır ki, inflyasiya çox yüksək olacaq. Amma bazar belədir ki, faktlar dəyişəndə, data dəyişəndə tez fikrini dəyişməyi də yaxşı bilir.

Uzun sözün qısası, 2022-də dünya iqtisadiyyatı maraqlı olacaq.

Müəllif:
Fariz Hüseynli,
Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti

 

Son xəbərlər
Digər xəbərlər