Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub.
Banker.az xəbər verir ki, səfərin məqsədini iki ölkə arasında vergi siyasəti sahəsində qarşılıqlı əlaqələrin daha da intensivləşməsi istiqamətində ətraflı fikir mübadiləsinin aparılması təşkil edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Yaponiya Vergi Administrasiyasının, Xarici İşlər və Maliyyə nazirliklərinin rəhbərləri ilə görüşüb, iki ölkə arasında əməkdaşlığın bugünkü vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparıb.
Yaponiya Vergi Adiminstrasiyasında Milli Vergi Agentliyinin rəhbəri Takeşi Fuji ilə keçirilən görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Yaponiyanın vergi xidmətində tətbiq edilən yeni innovativ həllər, rəqəmsal texnologiyalar sahəsində müasir inzibatçılıq alətləri barədə fikir mübadiləsi aparılıb.
Yaponiyanın rəqəmsal texnologiyaların tətbiqi təcrübəsinin Azərbaycan üçün maraq kəsb etdiyini bildirən Mikayıl Cabbarov bu sahədə təcrübə mübadiləsinin təşkilinin vacibliyini qeyd edib. Tərəflər Yaponiya Vergi Administrasiyasının nəzdində fəaliyyət göstərən Tədqiqat Akademiyasının təcrübə mübadiləsi işlərinə cəlb edilməsi barədə razılığa gəliblər. Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də əməkdaşlıqla bağlı razılaşma əldə edilib.
Xarici işlər naziri Taro Kono ilə görüşdə ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. T.Kano 2018-ci ilin sentyabrında Bakıya səfərini xatırladaraq Azərbaycan paytaxtında səmərəli görüşlər keçirdiyini, ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Görüşdə Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Vergilər naziri M.Cabbarov xarici işlər nazirinin müavini Toşiko Abe, Baş nazirin xüsusi müşaviri Tamohiko Taniquçi, habelə Yaponiyanın maliyyə nazirinin müavini, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Keniçiro Ueno ilə də görüşüb. Görüşlərdə qarşı tərəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, ölkəmizdə qeyri-neft sahəsində əməkdaşlıq və müştərək müəssislərin təşkili üçün böyük potensialın mövcud olması diqqətə çatdırılıb.
Səfər çərçivəsində Azərbaycan-Yaponiya iqtisadi komitəsinin üzvləri ilə də görüşlər keçirilib.
Səfərin yekunlarını yüksək qiymətləndirən Mikayıl Cabbarov AZƏRTAC-ın xüsusi müxbirinə deyib: “Səfərin məqsədi Yaponiya tərəfi ilə işçi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmasından ibarət idi. Səfər çərçivəsində Yaponiyanın Vergi Administrasiyası, Xarici İşlər və Maliyyə nazirlikləri, eləcə də digər əlaqədar qurumlarla işçi görüşlər keçirildi. Bununla yanaşı, Yaponiyanın özəl sektorunun təşkil etdiyi görüşlərdə iştirak etməklə bir sıra müzakirələr də apardıq. Düşünürəm ki, Azərbaycan ilə Yaponiya arasında vergi sahəsində əməkdaşlıq prioritet təşkil etməklə bu səfər, həmçinin iki ölkə arasında digər münasibətlərə də töhfələr verəcək. Bildiyiniz kimi, Azərbaycan ilə Yaponiya arasında həm parlamentlərarası dostluq qrupu, həm də iqtisadi məsələlərə dair işçi qrupu fəaliyyət göstərir. Səfərdən sonra həmin qruplardakı həmkarlarımızla iki ölkə arasında qarşılıqlı əməkdaşlıqla əlaqədar müzakirələr aparılacaq”.
“Hazırda Azərbaycanda vergi sahəsində bir sıra islahatlar həyata keçirilir. Bu mənada inkişaf etmiş dövlət və oturuşmuş vergi sisteminə malik bir ölkə olaraq Yaponiyanın təcrübəsi, bu sahədə olan texnoloji peşəkar metodiki təcrübə və kompetensiyalar bizim üçün böyük maraq kəsb edir. Digər tərəfdən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar yaponiyalı həmkarlarımız tərəfindən maraqla qarşılanır. Bu məqamlar müvafiq qurumlar arasında işçi münasibətlərin inkişafına öz töhfəsini verir. Həmçinin Xarici İşlər və Maliyyə nazirliklərində keçirilən görüşlərdə də iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı”, – deyə nazir əlavə edib.
Səfər zamanı vergi administrasiyaları arasında təcrübə mübadiləsinin təşkili və kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirildiyini deyən M.Cabbarov bildirib: “Yaponiya Vergi Administrasiyası ilə əldə edilən razılaşmaya əsasən bu qurumun nəzdində fəaliyyət göstərən Tədqiqat Akademiyası hüquqi-normativ bazanın genişləndirilməsi, mütəxəssislərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi işlərinə cəlb ediləcək. Düşünürəm ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq daha da genişləndiriləcək”.
Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərdə ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da iştirak edib.
Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən nümayəndə heyəti Sülh Memorial Muzeyi və Sülh parkı ilə tanış olub, II Dünya müharibəsi qurbanlarının xatirəsini yad edib və ehtiramlarını bildiriblər.