Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) noyabr hesabatına əsasən, 2019-cu ildəki neftə tələbat 2022-ci ildə də müşahidə edilə bilər.
Banker.az xəbər verir ki, bildirildiyi kimi, gələn il xammal istehlakının sutkada 100.6 milyon barel olacağı gözlənilir. Proqnoza görə, 2022-ci ildə neft tədarükünün artımını Rusiya və ABŞ təmin edəcək, Böyük Britaniya, Kolumbiya, İndoneziya və Misirdə isə hasilat azalacaq.
Ekspertlərin fikrincə, 2022-ci ildə neftə tələbat sutkada 100.6 milyon barelə çata bilər ki, bu da 2019-cu ildə müşahidə edilən səviyyədən 0.5 milyon barel çoxdur. 2021-ci ildə qlobal tələbat sutkada 5.7 milyon barel artaraq 96.4 milyon barelə yüksələcək. Alyansın nümayəndələri bildiriblər ki, 2022-ci ildə tələbat artımı proqnozu sutkada 4.2 milyon barel səviyyəsində qalacaq.
“Gələn il artım əsasən Rusiya və ABŞ-da olacaq və müvafiq olaraq 1 və 0.9 milyon barel təşkil edəcək. Onların ardınca Braziliya, Kanada, Qazaxıstan, Norveç, Qayana və digər ölkələr gələcək”, – hesabatda bildirilib.
OPEC-ə daxil olmayan dövlətlərdə neft tədarükü gündə 3 milyon barel artacaq ki, bu da təşkilatın əvvəlki proqnozlarına uyğundur.
2021-ci ildə OPEC-ə daxil olmayan ölkələr arasında neft hasilatının Kanada, Rusiya, Çin, Norveç, Braziliya, Qayana və Qətərdə artacağı vurğulanır. Böyük Britaniya, Kolumbiya,, İndoneziya və Misirdə isə əksinə, azalma proqnozlaşdırılır.
Xatırladaq ki, sentyabrda OPEC+ sazişinin iştirakçısı olan ölkələr neft hasilatını artırmaq və kompensasiya mexanizmini ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Bunun səbəbi pandemiyanın yaratdığı durğunluqdan sonrakı iqtisadi canlanma olub.
2020-ci ildə OPEC ölkələrinin neft və neft məhsullarının satışından əldə etdiyi gəlir 43% azalıb. 2019-cu ilin göstəriciləri ilə müqayisədə dünyada neft hasilatının həcmi sutkada 6.15 milyon barel və ya 8.2% azalıb. OPEC üzvləri hasilat sürətini sutkada 3.72 milyon barel və ya 12.7% kiçildib. Qeyd edək ki, istehsal məhdudiyyəti artıq dördüncü ildir ki, qüvvədədir.