Neft ixracı təşkilatı OPEC Avropa Birliyinə bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar neft tədarükünün pozulmasına səbəb olacaq, itirilmiş həcmləri isə kompensasiya etmək mümkün olmayacaq.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, OPEC-in Baş katibi Məhəmməd Barkindonun sözlərinə görə, sanksiyalar və digər məhdudiyyətlər nəticəsində günlük neft istehsalı təxminən 7 milyon barel azalacaq. “Belə miqyasda itkini kompensasiya etmək demək olar ki, qeyri-mümkün olacaq”, – deyə Məhəmməd Barkindo söyləyib.
O vurğulayıb ki, neft bazarında mövcud volatillik qeyri-fundamental amillərdən qaynaqlanır və kartelin nəzarətindən kənardadır.
Keçən həftə Avropa İttifaqı beşinci sanksiyalar paketini təqdim edib ki, onun da əsas müddəalarından biri Rusiyadan kömür idxalına qadağa qoyulmasıdır. ABŞ və Böyük Britaniya Rusiyanın neft, qaz və digər enerji məhsullarının idxalını qadağan etməyə qərar verib. Aİ hazırda Rusiyadan neft və qaza tam embarqonu müzakirə edir.