OPEC+ nazirlərinin son qərarından hansı nəticələri çıxarmaq olar?

Elman Sadıqov, iqtisadçı-ekspert
OPEC+ ölkələrinin nazirlərinin iclasının qərarı nələri göstərdi və hansı nəticələri çıxara bilərik?
– OPEC+ ölkələri (xüsusilə buradakı 2 aparıcı ölkə olan Səudiyyə Ərəbistanı və Rusiya) iclasdan öncə yazdığım yazıda qeyd etdiyim kimi, 2020-ci ilin mart ayında buraxdıqları səhvi təkrarlamadılar. Həmin səhvləri (kompromisə gəlməmək, pandemiyanı və mövcud reallıqları nəzərə almamaq və hasilatı kəskin azaltmamaqla riskə yol vermək) nəinki təkrarlamadılar, hətta daha rasional mövqe nümayiş etdirərək riskə yol verməyin nə dərəcədə acı nəticələr verə biləcəyi mesajını verdilər;
– 2021-ci ilin yanvar ayından etibarən (öncəki qərara əsasən) əslində gündəlik hasilat 1.9 milyon barel artırılmalı idi. Yəni, gündəlik hasilat kəsintisi 7.7 milyon bareldən 5.8 milyon barelə qədər azaldılmalı olsa da, gündəlik hasilatı cəmi 500 min barel artırdılar. Yəni, gündəlik hasilat kəsintisi 5.8 milyon barel deyil, 7.2 milyon barel olacaq. Proqnozumda 2 milyon barel məsələsinin həlledici amil olacağı, müzakirələrin qızğın gedəcəyini, amma pandemiyanın davam edəcəyini nəzərə alaraq 2 milyon barelə yaxın (dəqiq 1.9 milyon barel) hasilat artımının riskli ola biləcəyini, bu səbəbdən ən yaxşı halda 1 milyon barel hasilat azalmasını (qeyd: dəqiq olaraq 900 min barel gündəlik artım) şəxsi proqnozlarıma əsasən daha məqbul olacağını, əlavə olaraq, OPEC+ ölkələrinin bazara nəzarət üçün daha operativ davranacaqlarını bildirmişdim. (burada nəyi demişəm, proqnoz etmişəm məsələsini qabartmaq fikrində deyiləm, əsas fikrimi izah etmək üçün müqayisə edirəm). OPEC+ ölkələri isə gündəlik hasilat artımını 500 min barel olaraq təyin etdi və bazara operativ nəzarət üçün hər ay iclas keçirərək vəziyyəti müzakirə etmək, lazım olarsa operativ qərarlarla bazara müdaxilə etməyi qərara aldı. Nəticədə, hasilatın artırılması faktiki olaraq, öncə qəbul edilən qərarın cəmi 25%-i həcmində, ən yaxşı gözləntilərin isə 50%-i həcmində oldu. Bu isə, nəticə etibarı ilə, Brent markalı neftin 50 dollara çatması ilə nəticələndi. (bu ilin sonuna proqnozum Brent markalı neftin bir barelinin 45-55 dollar arasında olacağı idi);
– qeyd olunan qərarlar həm də onu göstərir ki, OPEC+ dövlətləri  peyvənd amilinə maliyyə bazarları kimi çox pozitiv yanaşmırlar, ehtiyatlı mövqe tuturlar, hər hansı müsbət dəyişiklik və iqtisadi aktivliyin bir lag (təsir zamanı gecikmə amili) amilinin təsiri altında olduğunu da nəzərə aldılar;
– OPEC+ dövlətləri həm də alternativ, təmiz enerji məsələlərinin yenidən aktuallaşması, bu sahəyə trilyon dollarlıq investisiyaların (bu barədə AzTv-yə verdiyim müsahibədə toxunmuşam) neft bazarına təsirlərini də nəzərə alaraq riskə yol vermədilər; (haşiyə: Respublikaçılar Partiyası daha çox neft partiyası, yəni neft şirkətlərinin mənafelərini nəzərə alan, Demokratlar Partiyası isə alternativ, təmiz enerji sahəsini daha sürətlə inkişaf etdirməklə alternativ everji partiyası kimi imic qazanmaqdadırlar);
– mart ayında OPEC+ ölkələrinin daxili ziddiyyətlərə yol verərək iqtisadi gerçəklikdən daha çox özlərinin mənafelərini nəzərə almalarının, qeyri-rasional olsa da prinsipial mövqe nümayiş etdirmələrinin hər bir neft istehsalçısı olan ölkə üçün zərərli olacağını, həmin səhvləri növbəti iclaslarında nəzərə alaraq təkrar etməyəcəklərini vurğulayırdım. Sevindirici amil odur ki, OPEC+ ölkələri bu dəfə daha fərqli, daha dinamik, həm də soyuq başlı, iqtisadi gerçəklik və şəraitləri nəzərə almaqla qərarlar qəbul etdilər. Bu isə bizə 2021-ci il ərzində neft qiymətlərinin 2020-ci ilə nisbətən daha az volatil, gündəlik orta qiymətin 2020-ci ilə nisbətən daha yüksək olacağını proqnozlaşdırmağa, gözləməyə əsas verir.
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.