Ötən ay OPEC neft hasilatını sutkada 484 min barel artırıb.
ABŞ Dövlət Departamentində neft hasil edən ölkələrin “qara qızıl” bazarına süni nəzarət etmək cəhdlərini mənasız hesab edirlər. Bu barədə dövlət departamentinin energetika üzrə xüsusi nümayəndəsi Amos Hoxştayn bildirib. Onun sözlərinə görə, neft hasil edən ölkələr arasında bağlanan pərdəarxası əqdlər OPEC və digər istehsalçılara kömək etməyəcək.
Hoxştaynın fikrincə, neft şirkətləri ən real tələb və təklifləri nəzərdən keçirməlidir. O zaman bazar mövcud vəziyyəti özü tənzimləyəcək. Daha sonra o, neft ixrac edən ölkərlərdə bərpa edilən enerji mənbələrinə və təbii qaz hasilatına daha çox sərmayə yatırmağı tövsiyə edib.
“OPEC-in bazarda qiymətləri süni idarə etmək cəhdlərinə ehtiyac yoxdur. Beynəlxalq ictimaiyyət yeni enerji erasına keçdiyimizi nə qədər tez etiraf etsə, bir o qədər yaxşı olar”, – deyə Dövlət Departamentinin sitatında deyilir.
Ötən ay OPEC neft hasilatını sutkada 484 min barel artırıb. Bu ay neft hasilatı 1989-cu ildən bu yana ən yüksək həddə çatıb.
Fevralda ilk dəfə OPEC və Rusiyanın energetika nazirlərinin Qətərin paytaxtı Dohada keçirilən görüşdə neft hasilatının azaldılaraq yanvar ayı səviyyəsində dondurulması ilə bağlı təklif irəli sürülüb.
Daha sonra aprelin 17-də keçirilən görüş uğursuz nəticələnib. Səudiyyə Ərəbistanı və İran arasında yaranan fikir ayrılığı danışıqların uğursuzluqla yekunlaşmasına səbəb olub. Belə ki, İrana qarşı tətbiq edilən sanksiyaların yanvardan etibarən aradan qaldırılmasından sonra xarici bazara çıxışı açılan İran neft hasilatını artıraraq sanksiyalar zamanı etdiyi ziyanı kompensayiya etmək istəyir. Səudiyyə Ərəbistanı isə şərt qoyaraq yalnız İran hasilatı azaldacağı təqdirdə öz hasilatını azaldacağını bildirib.