“Vyana sazişindən sonra OPEC-in görəcəyi əsas mühüm məsələlərdən biri də enerji bazarının yenidən balanslaşması, tədricən investisiyaların qoyulmasını həyata keçirməkdir.
Bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPRC) sədri Məhəmməd Barkindo bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, neft bazarında əminliyin bərpası da OPEC-in əsas vəzifələrindəndir: “Bazarda gələcək şoklara və ekstremal dəyişikliklərə hazırlıq üçün xüsusi mexanizmlər həyata keçiriləcək və tədbirlər görüləcək. Biz əldə etdiyimiz uğurlar və nailiyyətlərin fonunda uzunmüddətli perspektivlərə göz gəzdirməliyik. Önümüzdə duran aktual çağırışlardan biri də gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etməkdir. 2018-ci ildə neft sənayesinə sərmayələr tədricən artmaqdadır. Ancaq bununla belə biz hələ də kifayət qədər sərmayələr qoyulduğunu görməmişik. Neftə olan tələbatın ödənməsi üçün 2040-cı ilə qədər neft sənayesinə 10,4 trilyon dollar investisiyaların qoyulması tələb olunur. Bunun üçün bütün boşluqlar aradan qaldırılmalıdır. Sabit şəkildə artan tələbatı tədricən ödənilməlidir. Bu çağırışlara qarşı mübarizənin yeganə yolu əməkdaşlıqdan keçir”.
© APA