Banker.az xəbər verir ki, OPEC təşkilatının noyabr ayında keçiriləcəyi görüş zamanı neft hasilatının azaldılması ilə bağlı hazırda qüvvədə olan razılaşmanın müddətinin uzadılması barədə qərar naməlum olaraq qalır.
Belə ki, Səudiyyə Ərəbistanının Energetika naziri Xalid al-Falih jurnalistlərin bu məsələ ilə bağlı müvafiq sualına “Biz bilmirik” cavabını verib.
Neft hasilatının azaldılması ilə bağlı razılaşmanın iştirakçı ölkələrinin nazirlərinin görüşü 29 noyabr tarixində Vyana şəhərində baş tutacaq.
Xatırladaq ki, OPEC və bu təşkilata üzv olmayan bir sıra ölkələr (OPEC+) 2016-cı ilin sonunda Vyanada baş tutan görüş zamanı neft hasilatını sutkalıq 1,8 milyon barrel azaltmaq barədə razılıq əldə etdi. Razılıq 2017-ci ilin ilk yarısında bağlandı, may ayında isə müddəti əlavə olaraq 9 ay – 2018-ci ilin mart ayının sonuna qədər uzadıldı.