OPEC ölkələrinin valyutalarının dollara fiksasiyası və tətbiq edilən valyuta rejimləri

OPEC-ə daxil olan iri neft istehsalçılarının əsas ixracat məhsulları dollarla ifadə olunduğundan yerli valyutanı ABŞ dolları ilə fiksasiya edirlər. Dollarla fiksasiya əsasən OPEC daxilində Körfəz Ölkələri Birliyinə daxil olan 7 ərəb ölkəsinin iqtisadiyyatında uzun illərdir tətbiq olunan valyuta rejimidir. Belə fiksasiyanın tətbiqi milli gəlirləri neft satışından əldə edilən dollarlardan ibarət olan ərəb ölkələrinin iqtisadiyyatına aşağı inflyasiya dərəcələri və makro-iqtisadi sabitlik gətirmişdir. Lakin son illər dünyada baş verən iqtisadi konyunkturalar, neftin qiymətinin aşağı düşməsi, ABŞ-da qeydə alınan iqtisadi artım və dolların dünya bazarında bahalaşması, ABŞ Federal Ehtiyatlar Bankının (FED) monetar siyasətini dollarla fiksasiya edilmiş ölkələrin iqtisadiyyatlarına uyğun olmayan addımlarla tənzimləməsinə gətirib çıxarıb. OPEC-ə daxil olan ölkələr üçün fiksasiyanın əsas problemi ondan ibarətdir ki, bu ölkələr sərbəst şəkildə monetar siyasət həyata keçirə bilmirlər və dollarla yerli valyuta arasında pariteti tənzimləmək üçün FED-in monetar siyasətinə tabe olmağa məcbur olurlar.

2014-cü ildən başlayaraq neft qiymətlərinin enməsi dollarla fiksasiya edilmiş monetar siyasətlə idarə olunan ölkələr üçün böyük büdcə kəsrləri, azalan tədiyyə balansı və əsas iqtisadi gücləri sayılan valyuta ehtiyatlarının əriməsinə səbəb olur. Məsələn, Səudiyyə Ərəbistanının büdcə kəsiri Ümumi Daxli Məhsulun (ÜDM-in) 12.8%-ə, digər körfəz ölkəsi Omanda isə tədiyyə balansı kəsiri ÜDM-in 20%-ə qədər artmışdır. Hazırda ABŞ-da tətbiq edilən monetar və fiskal iqtisadi daralma siyasəti, neft hasilatçılarının iqtisadiyyatları üçün uyğun olmasa da, yerli valyutanı devalvasiyadan qorumaq üçün daxildə faiz dərəcələrini qaldırmağa məcbur olurlar ki, bu da yerli iqtisadiyyatların “yeni neft normalarına” illərlə davam edəcək uyğunlaşması deməkdir. Fiksasiyanın pozulması və alternativ məzənnə siyasətinə keçidin də öz mənfi riskləri var. Yeni məzənnə siyasətinə keçid, investorların yerli valyutaya olan inamını azalda və bu da ölkədən kapital axını ilə nəticələnə bilər.

Ölkə iqtisadiyyatlarının neft ixracından tam asılılığı, tədiyyə balansının neft satışı hesabına formalaşması və dollara fiksasiya, dünya bazarında neftin qiymətindən asılı olaraq belə iqtisadiyyatları daralmalara, büdcə kəsrlərinə və nəticədə devalvasiyaya məruz qoyur.

OPEC ölkələri üçün kəskin dollar fiksasiya siyasəti artıq keçmiş illərdəki kimi optimal sayıla bilməz. Birincisi, ona görə ki, qlobal iqtisadiyyatda baş verən iqtisadi şokların real iqtisadiyyat üzərində təsirini idarə edə bilmək üçün daha sərbəst valyuta rejiminə keçmək mütləqdir. Əks halda bütün təsirlər dövlət büdcəsi və ölkənin valyuta resurslarında əks olunur. Bundan əlavə, bir valyutaya fiksasiya artıq OPEC ölkələrinin yeni ticarət, investisiya və iqtisadi trendlərinə (xüsusilə Çin və digər Asiya ölkələri ilə artan ticarət mübadiləsi) uyğun deyil. OPEC ölkələri bir valyutaya fiksasiya yerinə, Kuveyt Əmirliyinin etdiyi kimi valyuta səbəti müəyyən edib, ona uyğun fiksasiya aparsalar, monetar siyasətdə daha müstəqil və qlobal iqtisadi şoklar qarşısında daha elastik ola bilərlər. Valyuta səbəti hər bir region üçün tədiyyə balansını formalaşdıran əsas ticarət tərəfdaşlarının valyutaları nəzərə alınmaqla formalaşdırılmalıdır. OPEC ölkələrinin neft gəlirlərindən asılılığı əsas götürülərək, valyuta səbətində neftə də əmtəə kimi müəyyən xüsusi çəki verilə bilər. Belə ki, valyuta səbətində neftin olması, neftin qiyməti artdığı zaman, yerli valyutanın da qiymətini artıraraq yüksək inflasiya və əlavə monetar genişlənmənin qarşısını ala bilər. Əksinə, neftin qiyməti düşdüyü zaman, yerli valyuta da buna uyğun ucuzlaşaraq, ölkə valyutasını ixrac üçün daha səmərəli vəziyyətə gətirə bilər. Bu da neftdən asılı olan ölkələrdə şoklar zamanı baş verən iqtisadi daralmanın təsirini azaldar.

OPEC ölkələri arasında birvalyutalı fiksasiyanın yaratdığı iqtisadi problemlərin həlli yolu ölkə iqtisadiyyatının gəlirlərinin diversifikasiyasıdır. Belə ki, BƏƏ (Birləşmiş Ərəb Əmirliyi) məhz neft gəlirlərini iqtisadiyyatın gəlir gətirən sahələrinə yerləşdirərək, iqtisadiyyatının neftdən asılılığını azalda bilmiş və qeyri-neft sektorunun payını artıraraq  daha sərbəst idarəolunan iqtisadiyyata çevrilmişdir. Avropa Mərkəz Bankı tərəfindən aparılmış araşdırmalar onu göstərir ki, tətbiq edilən müxtəlif valyuta rejimləri neftin qiyməti ilə məzənnə arasında əlaqəni bütünlükdə izah etməyə imkan vermir. Valyuta rejimlərindən asılı olmayaraq, tətbiq edilən iqtisadi siyasət və digər müdaxilə alətləri qlobal iqtisadiyyatdakı şokların yerli iqtisadiyyata transmissiyasına təsir göstərə bilər. Məsələn, OPEC-ə daxil olmayan iri neft hasilatçısı Norveç neft gəlirlərinin artmasının iqtisadiyyat üzərində olan effektini dolların sterlizasiyası və xarici aktivlərini artıraraq idarə edir və iqtisadiyyatın şaxələnməsi ilə özünü qlobal şoklardan qorumağa çalışır.

Tamamilə neftdən asılı olan və ixracatı çoxşaxəli olmayan ölkələrin iqtisadiyyatları isə başqa gəlir sahəsi olmadığından, neft satışından əldə edilən gəliri birbaşa iqtisadiyyata ötürməklə, həm inflyasiya təzyiqi ilə üz-üzə qalır, həm də şoklar qarşısında lazımi addımları ata bilmir. 2014-cü ildən davam edən neft böhranı nəticəsində, son olaraq, OPEC üzvü Anqola yerli valyuta kvanzanın dollarla fiksasiyasını dayandıracağını və valyutanın ABŞ dollarına qarşı müəyyən edilmiş koridorda hərəkət edəcəyini bəyan etmişdir ki, bunun da əsas səbəbi illərlə davam edən fiksasiyanı qorumaq siyasəti nəticəsində ölkənin valyuta ehtiyatlarının kəskin azalması, valyuta qara bazarının formalaşması və iqtisadi daralma olmuşdur.

    — Müəllif —
Ali Dadashzade, ACCA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.