“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri ötən ilin dekabr ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 121% yerinə yetiriblər.
Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, “OPEC+” ölkələri ötən ay nəzərdə tutulduğundan (razılaşmadan əvvəl olan həcmlərdən – red.) gündəlik 790 min barel az neft hasil edib ki, bu da razılaşmanın 121% yerinə yetirilməsi deməkdir.
Qeyd olunur ki, dekabrda razılaşma iştirakçıları nəzərdə tutulan 400 min barel əvəzinə hasilatı cəmi 250 min barel artırıblar.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.