Neft qiymətləri bazar ertəsi 1%-dən çox bahalaşaraq ötən həftənin itkilərinin bir qismini kompensasiya edib. Buna Ukraynaya gecə saatlarında edilən hücumdan sonra Rusiyanın xam neftinə əlavə sanksiyaların tətbiq ediləcəyi gözləntiləri təsir göstərib. Digər tərəfdən, OPEC+ ölkələrinin hasilatı artırmaq planı qiymətlərin artımını bir qədər məhdudlaşdırır.
Banker.az xəbər verir ki, Brent markalı xam neft 80 sent və ya 1,2% bahalaşaraq Bakı vaxtı ilə 07:45-ə 66,30 dollar/barel olub. ABŞ-ın WTI markalı nefti isə 75 sent və ya 1,2% artaraq 62,62 dollar/barelə yüksəlib.
Hər iki neft markası cümə günü ABŞ-da zəif əmək bazarı hesabatı səbəbindən enerji tələbinə dair gözləntilərin azalması fonunda 2%-dən çox geriləmişdi. Ötən həftə ərzində isə ümumi itkilər 3%-i keçmişdi.
OPEC+, yəni Neft İxrac edən Ölkələr Təşkilatı və onun tərəfdaşları, bazar günü hasilatı oktyabrdan etibarən artırmaq barədə razılığa gəlib. Bu qərar Səudiyyə Ərəbistanının bazar payını geri qazanmaq istəyi ilə bağlıdır. Lakin artım tempi əvvəlki aylara nisbətən daha zəif olacaq.
OPEC+ aprel ayından bəri illərlə davam edən hasilat ixtisarlarından sonra bazarı dəstəkləmək üçün istehsalı artırır. Lakin son qərar şimal yarımkürəsində qış aylarında gözlənilən neft bolluğu fonunda gözlənilməz olub.
Təşkilatın 8 üzvü oktyabrdan etibarən gündəlik hasilatı 137 min barel artıracaq. Bu isə sentyabr və avqust aylarında əlavə olunmuş günlük 555 min barel, iyul və iyun aylarında isə günlük 411 min barel artımla müqayisədə çox aşağı göstəricidir.
“Qiymətlərdəki artımın səbəbi hasilat artımının gözləniləndən az olmasıdır. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsində sülh perspektivlərinin zəifləməsi və Rusiyanın neftinin bazarı doldurmayacağına dair gözləntilər də qiymətləri dəstəkləyir”, – deyə “Rakuten Securities” şirkətinin analitiki Satoru Yoşida bildirib.
Rusiya müharibənin əvvəlindən bəri Ukraynaya ən böyük hava hücumunu həyata keçirib. Ukrayna rəsmiləri açıqlayıb ki, hücum nəticəsində Kiyevin mərkəzində hökumət binası yanıb, azı dörd nəfər həlak olub.
ABŞ Prezidenti Donald Tramp bazar günü bəyan edib ki, Avropanın ayrı-ayrı liderləri bazar ertəsi və çərşənbə axşamı ABŞ-a səfər edərək müharibənin həlli yollarını müzakirə edəcəklər.
Tramp əlavə edib ki, müharibənin gedişindən “razı deyil”, lakin yenidən onun tezliklə başa çatacağına inamını ifadə edib.
“Neft bazarı OPEC+ hasilat artımının məhdudluğu və ötən həftəki geriləmədən sonra texniki bahalaşma ilə dəstəkləndi”, – deyə “Fujitomi Securities”in analitiki Toşitaka Tazava bildirib. Onun sözlərinə görə, hasilat artımı ilə bağlı qərar bazar tərəfindən ötən həftədən qiymətə daxil edilib.
Brentin spot qiyməti – Foto: İnvestAZ İ.Ş. MT4
“Rusiyaya qarşı mümkün yeni ABŞ sanksiyaları fonunda təklifin daha da azalacağı gözləntiləri də qiymətləri dəstəkləyir”, – o əlavə edib.
“Goldman Sachs” isə həftəsonu yayımladığı qeyddə bildirib ki, 2026-cı ildə neft bazarında bir qədər böyük profisit gözləyir. Bu isə Amerikadakı təklif artımlarının Rusiyadan təklifin azalması və qlobal tələbin güclənməsini üstələməsi ilə əlaqələndirilir.
Uol-Strit bankı 2025-ci il üçün Brent və WTI qiymət proqnozunu dəyişməyib, 2026-cı ildə isə orta qiyməti müvafiq olaraq bir barelini müvafiq olaraq 56 və 52 dollar səviyyəsində proqnozlaşdırıb. “Bizim 2025–2026-cı illər üzrə qiymət proqnozumuzun riskləri iki tərəflidir, lakin daha çox artım istiqamətində yönəlib”, – deyə bank əlavə edib.