Yaxın gələcəkdə böyük qlobal tənəzzülün baş verməsi ehtimalı azdır, lakin qışda enerji böhranı yarana bilər.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais bildirib.
Onun sözlərinə görə, OPEC həmişə bazar ehtiyaclarını ödəməyə çalışıb, lakin 5 sentyabr iclasında (OPEC+ razılaşması iştirakçıları nazirlərinin iclası – red.) hasilatın daha da artırılması ilə bağlı qərar verilib-verilməyəcəyini söyləmək hələ tezdir.
“Biz bir araya gəlib bazarın parametrlərinə yenidən baxmalıyıq, hər şey ondan asılıdır”, – deyə Heysəm Əl-Qais bildirib.
O qeyd etdi ki, İranın neft tədarükünün tədricən bərpası OPEC-in maraqlarına uyğundur və qlobal yanacaq bazarında tarazlığı pozmayacaq.
“Düşünürəm ki, İran neftinin hər barelinin tədricən qaytarılması İranın özünün, OPEC-in və bazar iştirakçılarının daha geniş dairəsinin maraqlarına uyğundur. Yəni bu tarazlığa təsir edə bilməyəcək”, – Heysəm Əl-Qais əlavə edib.