OPEC qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu mart ayı ilə müqayisədə gündəlik 100 min barel yaxşılaşdırıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Təşkilatın verdiyi məlumata görə, neftə tələb gündə təxminən 6 milyon barel artacaq və ilin sonuna qədər 96.5 milyon barelə çatacaq. Qeyd edək ki, OPEC-in aprel ayı proqnozu təşkilatın saytında yerləşdirilib.
Proqnozun yaxşılaşdırılması əsasən keçən ay qlobal iqtisadi canlanmanın gözləniləndən daha güclü olması ilə əlaqədardır. Buna koronavirusla mübarizə tədbirlərinin təşviqi proqramları kömək edib.
Eyni zamanda təşkilat ilin birinci yarısında proqnozlaşdırılan neft tələbatını azaldıb. Səbəb Avropa ölkələrində son həftələrdə tətbiq olunan məhdudlaşdırma və kilidləmə rejiminin sərtləşdirilməsi olub.
“Bloomberg Energy” vurğulayır ki, Bakı vaxtı ilə saat 17:00-da “Brent” markalı neftin qiyməti 0.9% artaraq 63.85 dollar təşkil edib. “WTI” isə 0.82% bahalaşaraq 60.19 dollar səviyyəsinə çatıb. Neft qiymətlərinin artmasına Çin iqtisadiyyatına dair nikbin proqnozlar təsir göstərib.
Aprel ayının əvvəlində Rusiya, Səudiyyə Ərəbistanı və OPEC+ müqaviləsində iştirak edən digər ölkələr neft istehsallarını tədricən artırmağa başlayıblar.