32 C
Baku
Thursday, July 17, 2025

OPEC+ qrupundan gələn hasilat artımı xəbəri nefti ucuzlaşdırır

OPEC+ ölkələrinin avqust ayında gözləniləndən daha çox hasilat artırması fonunda baş neftin qiyməti həftənin ilk iş gününə ucuzlaşma ilə başlayıb. Eyni zamanda, ABŞ-ın tətbiq edə biləcəyi tariflər və onların qlobal iqtisadi artıma mümkün təsiri ilə bağlı qeyri-müəyyənlik tələbat proqnozlarını zəiflədib.

Banker.az xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçersləri Bakı vaxtı ilə saat 08:27-də 47 sent və ya 0,69% ucuzlaşaraq bir barel üçün 67,83 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 95 sent və ya 1,42% azalaraq 66,05 dollar olub.

Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri  (OPEC+) şənbə günü avqust ayı üçün hasilatı gündəlik 548 min barel artırmaq barədə razılığa gəlib.

Analtiklər düşünür ki, hasilat artımı, aydın şəkildə, bazar payı uğrunda daha aqressiv rəqabət və qiymət və gəlirin azalmasına müəyyən dözümlülük deməkdir.

Avqust ayı üçün planlaşdırılan artım, OPEC+ tərəfindən may, iyun və iyul ayları üçün razılaşdırılmış aylıq 411 min barellik, eləcə də aprel ayındakı 138 min barellik artımla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

“RBC Capital”dan Helima Kroft və onun komandası bildirib ki, bu qərar nəticəsində OPEC-ə daxil olan səkkiz ölkənin könüllü olaraq azaltmış olduğu gündəlik 2,2 milyon barel hasilatın təxminən 80%-i bazara geri qayıdacaq.

Lakin onlar əlavə ediblər ki, indiyədək real hasilat artımı planlaşdırılandan daha az olub və əsas artım Səudiyyə Ərəbistanından gəlib.

Tələbatla bağlı inamın göstəricisi kimi, Səudiyyə Ərəbistanı bazar günü Asiya üçün öz əsas neft markası olan “Arab Light”ın avqust qiymətini son dörd ayın maksimumuna qaldırıb.

“Goldman Sachs” analitikləri gözləyir ki, OPEC+ avqustun 3-də keçiriləcək növbəti iclasda sentyabr üçün əlavə 550 min barellik artımı elan edəcək.

Eyni zamanda, ABŞ rəsmilərinin tariflərlə bağlı dəyişikliyi gecikdirməsi, lakin detalları açıqlamaması da neftə təzyiq yaradıb.

ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, ABŞ qarşıdakı günlərdə bir neçə ticarət razılaşmasını yekunlaşdırmağa yaxındır və iyulun 9-dək digər ölkələri daha yüksək tariflər barədə məlumatlandıracaq. Yeni tariflər isə avqustun 1-dən qüvvəyə minəcək.

Tramp aprel ayında əksər ölkələrə qarşı əsas tarif dərəcəsini 10% səviyyəsində, “qarşılıqlı” tarifləri isə 50%-dək elan etmişdi. Əvvəlki son tarix bu çərşənbə günü idi.

Lakin Tramp həm də qeyd edib ki, tariflər “bəlkə də 60% və ya 70%-dən tutmuş 10%-20%-dək” ola bilər. Bu isə vəziyyəti daha da qeyri-müəyyən edir.

“2025-ci ilin ikinci yarısında Trampın tarifləri ilə bağlı narahatlıqlar əsas mövzu olaraq qalır. Hazırda nefti dəstəkləyən yeganə faktor isə dolların zəifliyidir,” — deyə, “Phillip Nova” şirkətindən baş analitik Priyanka Saçdeva bildirib.

Son xəbərlər
Digər xəbərlər