9 C
Baku
Friday, December 13, 2024

OPEC+ razılaşdı – Azərbaycan neft hasilatını günlük 717 min barrelə qaldırır

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barrel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.

Bu barədə Energetika Nazirliyi məlumat verib.

Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barrel artırılaraq 717 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.

Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edimiş tarixi Razılaşmanın mərhələli icrası çərçivəsində “OPEC plus” ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır. Bununla da Azərbaycan da daxil olmaqla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barrel, ikinci mərhələdə 7,7 mln. barrel və üçüncü mərhələdə 5,8 mln. barrelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.

Bu müddət ərzində “OPEC plus” mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi. Yeni qərarla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqustda gündəlik 43 854 min barrel həcmində xam neft istehsal etməsi nəzərdə tutulur. Bu isə hasilatın ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı səviyyədə bərpasına imkan yaradır.

Xatırladaq ki, “OPEC plus” ölkələri üzrə 5,8 mln. barrelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.

Son xəbərlər
Digər xəbərlər