Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) “Reuters”, “Bloomberg” və “Wall Street Journal” jurnalistlərinin Vyanadakı baş qərargaha gəlməsini qadağan edib. Bu barədə mənbələrə istinadən “The Financial Times” məlumat yayıb.
Qəzetin yazdığına görə, qadağa yalnız bir tədbirə aiddir. İyunun 4-də OPEC ölkələri bu ilin ikinci yarısı üçün neft hasilatı siyasətini razılaşdırmalıdırlar. Bununla əlaqədar olaraq, sözügedən nəşriyyatların jurnalistlərini bu tədbirə buraxmamaq qərarı verilib.
“The Financial Times”ın qeyd etdiyi kimi, çox vaxt media OPEC-in iclasının nəticələrini görüş başlamamış elan edir. Belə ki, bir çox nazirlər sammitdən əvvəl jurnalistlərə şərhlər verirlər və bu, neftin qiymətində dalğalanmalara səbəb olur.
Mayın 23-də Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud Qətər İqtisadi Forumunda neft möhtəkirlərinə “ehtiyatlı olun” deyib. Bu, OPEC+ üzvlərinin qiymətləri artırmaq üçün hasilatı azalda biləcəyi ilə bağlı qorxuları artırıb. Bəyanatdan sonra neft bahalaşmağa başlayıb: “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1%, “WTI”nin iyul fyuçerslərinin qiyməti isə 1.2% yüksəlib.






