OPEС üzvü olmayan ölkələrin neft hasilatında 2016-cı ildə son 25 ilin rekord səviyyəsində azalma gözlənilir. Banker.az xəbər verir ki, bununla bağlı açıqlamanı Beynəlxalq Enerji Agentliyiynin (IEA) icraçı direktoru Fatih Birol verib.
F.Birol qeyd edib ki, son 2 ildə aşağı neft qiymətləri neft-qaz sektoruna investisiyaların 40% azalmasına səbəb olub. Bu il isə investisiyaların ABŞ, Kanada, Latın Amerikası və Rusiyada daha da çox azalması proqnozlaşdırılır.
IEA rəhbərinin sözlərinə görə, 2016-cı ildə OPEC üzvü olmayan ölkələrin neft hasilatlarının gündəlik 700 min barel azalması ehtimal edilir. Lakin Çin və Hindistan kimi əsas neft istehlakçısı olan ölkələrdə neftə tələbatın artmadığı müşahidə olunur.
“The New-York Times”a görə, IEA-dan gələn bu açıqlamalar dünən neftin 2015-ci ilin noyabr ayından etibarən ilk dəfə 46 dollar/bareldən yuxarı satılmasına səbəb olub. “Reuters”in “Sumitomo Mitsui Asset Management” fondunun analitiki Masaxiro İçikavuya istinadən verdiyi xəbərə əsasən, brokerlərin alışa keçməsinə səbəb olan daha bir amil neft hasilatçılarının yenidən may ayında Moskvada bir araya gələrək hasilatın dondurulmasını müzakirə etməsi xəbəri olub. IEA-nın açıqlamalarına görə, neft bazarında tarazlıq 2016-cı ilin sonuna doğru bərpa olunacaq.
Report