28 C
Baku
Wednesday, July 30, 2025

OPEC və müttəfiqləri mövcud sazişin müddətini ilin sonunadək artıra bilərlər, “BNP Paribas” bankı belə düşünür

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlər və tərəfdaşları neft istehsalının azaldılmasına dair sazişin müdətini ilin sonuna kimi artıra bilərlər. “BNP Paribas SA” bankının ekspertləri bu fikirdədirlər.

Hazırda investorlar mayın 2-də müddəti bitəcək olan ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq etdiyi güzəştə OPEC və müttəfiqlərinin necə reaksiya verəcəyini qiymətləndirməyə çalışırlar.

Ağ evdən edilən şərhə görə, digər istehsalçılar İran nefti ilə bağlı yaranacaq tədarük çatışmazlığını aradan qaldırmağa qadirdirlər. Lakin ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bununla bağlı daha tez reaksiya verməkdə maraqlı görünmür.

Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatları göstərir ki, Səudiyyə Ərəbistanının builki büdcəsini tarazlaması üçün neftin qiymətinin 85 dollar/barrelədək artması lazımdır.

Rəsmi Vaşinqtonun İran neftinin idxalına dair tətbiq edilən güzəşti ləğv edəcəyini açıqlamasından sonra “qara qızıl”ın qiyməti son 6 ayın maksimum göstəricisindən sonra kəskin ucuzlaşmağa başladı. “Light” neftinin bir barreli hazırda Nyu-Yorkun NYMEX birjasında 63 dollara alıcı axtarır. “Brent” markalı xam neftin bir barreli isə Londonun ICE birjasında 72 dollara satılır.

“BNP Paribas SA”ya görə, OPEC və müttəfiqlərinin iyundakı toplantıda neft hasilatının azaldılması ilə bağlı sazişin müddətini ilin sonunadək artırmaları üçün yaxşı fürsət var. Ancaq mövcud sazişdə bəzi dəyişikliklər də edilə bilər.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, yanvardan etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Sazişin müddəti iyunda başa çatır.

Azərtac

Son xəbərlər
Digər xəbərlər