9 C
Baku
Wednesday, December 17, 2025

“OpenAI” $10 milyard investisiya cəlb etmək üçün “Amazon” ilə danışıqlar aparır

“OpenAI” şirkəti “Amazon” ilə azı 10 milyard dollar həcmində investisiya cəlb edilməsi və onun süni intellekt üçün nəzərdə tutulmuş çiplərindən istifadə ilə bağlı danışıqlar aparır. Bu barədə mənbələrə istinadən “The Information” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, danışıqlar oktyabr ayında “OpenAI”nin korporativ restrukturizasiyanı başa çatdırmasından sonra başlayıb. Həmin restrukturizasiya çərçivəsində “Microsoft” ChatGPT çat-botunun yaradıcısının 27% səhmini əldə edib.

“OpenAI” ilə “Amazon” arasında danışıqların aparılması faktını CNBC və “Bloomberg”in məlumatlı mənbələri də təsdiqləyib.

Telekanalın həmsöhbəti investisiyaların həcminin 10 milyard dolları keçə biləcəyini bildirib, lakin mümkün sazişin detallarının hələ dəqiqləşdirildiyini və dəyişə biləcəyini qeyd edib.

Agentliyin mənbəsi danışıqların ilkin mərhələdə olduğunu təsdiqləyib. O vurğulayıb ki, razılaşma ChatGPT tərtibatçısının “Amazon Web Services”in “Trainium” çipindən istifadə etməsini nəzərdə tutur. “Amazon”un bu yarımkeçirici bölməsi təxminən 2015-ci ildən bəri süni intellekt üçün öz çiplərini hazırlayır, CNBC qeyd edir. Şirkət 2018-ci ildə “Inferentia” çiplərini, 2025-ci ilin dekabr ayının əvvəlində isə “Trainium” çiplərinin son nəsil versiyasını təqdim edib. Məlumata görə, “Trainium” çipləri bazarda dominant mövqedə olan “Nvidia” qrafik prosessorları ilə müqayisədə daha ucuz və daha səmərəlidir.

“Bloomberg”in mənbəsinin sözlərinə görə, 10 milyard dollarlıq investisiya ilə bağlı razılaşma nəticəsində “OpenAI”nin dəyər qiymətləndirməsi 500 milyard dolları ötə bilər. Oktyabr ayında “OpenAI” əməkdaşlar üçün 6,6 milyard dollar həcmində ikincil səhm satışı həyata keçirdikdən sonra şirkətin qiymətləndirilməsi 500 milyard dollara yaxınlaşıb. Bu, ChatGPT tərtibatçısına İlon Maskın “SpaceX” şirkətini geridə qoyaraq dünyanın ən bahalı startapına çevrilməyə imkan verib.

Son dövrlərdə “OpenAI” süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə ümumilikdə 1 trilyon dollar dəyərində müqavilələr bağlayıb. Bazarda ChatGPT tərtibatçısının “qızıl toxunuşu”ndan danışılmağa başlanıb, çünki onun əməkdaşlıq etdiyi şirkətlərin səhmləri onlarla faiz bahalaşır. Lakin son aylarda Uoll-Strit analitikləri mümkün “köpük” formalaşması barədə xəbərdarlıq edərək, şirkətlərin öz məhsullarına çəkilən xərcləri saxlamaq üçün potensial müştərilərə böyük həcmdə vəsait yatırdıqlarına diqqət çəkiblər, “Bloomberg” yazır.

Son xəbərlər
Digər xəbərlər