19 C
Baku
Sunday, June 15, 2025

“OpenAI” ilə “ağıllı oyuncaq”lar hazırlanacaq

“Barbie” gəlincikləri və bir çox məşhur uşaq oyuncaqları ilə tanınan “Mattel” şirkəti “ChatGPT” dil modelini yaratmış “OpenAI” ilə əməkdaşlığa başladığını elan edib.

Tərəflər süni intellekt texnologiyalarını oyuncaqlarla birləşdirərək uşaqlar və ailələr üçün daha ağıllı və interaktiv əyləncə məhsulları yaratmağı planlaşdırırlar.

“Məhsullarımızın hər biri azarkeşlərimizi ilhamlandırmaq, tamaşaçıları əyləndirmək və oyun vasitəsilə həyatı zənginləşdirmək məqsədi daşıyır. Süni intellekt isə bu missiyanı daha da genişləndirməyə və brendlərimizin daha maraqlı və innovativ şəkildə təqdim olunmasına imkan verir”, – deyə “Mattel”in françayzinq üzrə direktoru Coş Silverman bildirib.

Hazırda şirkətlər birgə süni intellekt əsaslı bir neçə yeni məhsul üzərində işləyirlər. Bu oyuncaqlar “Mattel”in mövcud populyar brendləri əsasında hazırlanacaq. Bununla yanaşı, təhlükəsizlik, şəxsi məlumatların qorunması və yaşa uyğunluq məsələləri əsas prioritetlərdən biri olacaq. Lakin ilin sonuna qədər təqdim olunacağı gözlənilən bu yeni oyuncaqlar barədə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, bu yaxınlarda Yaponiyanın “Bandai Namco” şirkəti də “Tamagotchi” oyuncaqlarının tamamilə yenilənmiş versiyasını təqdim edib. Yeni nəsil “Tamagotchi”lər daha geniş funksiyalara malik olacaq, rəngli ekran və fırlanan disklə təchiz ediləcək. Virtual ev heyvanına qulluq konsepsiyası isə artıq bütöv bir ekosistem səviyyəsinə qaldırılır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər