“OpenAI” şirkəti musiqi yarada bilən süni intellekt modellərinin hazırlanmasını sürətləndirməyi planlaşdırır. Bu barədə “The Information” məlumat yayıb. Bildirilir ki, şirkət modellərin təlimi üçün Culliard məktəbi (The Juilliard School) ilə əməkdaşlıq qurub. Yeni sistemin mətn və ya səsli sorğular əsasında musiqi kompozisiyaları yarada bilməsi gözlənilir. Bununla da “OpenAI” artıq “Google”, “Suno” və “Udio” kimi şirkətlərin fəal olduğu bazara daxil olmağa hazırlaşır.
Layihənin məqsədi “OpenAI”nın ChatGPT-dən kənar mövqeyini gücləndirmək və şirkətin gəlir mənbələrini diversifikasiya etməkdir. Məlumata görə, model ya ChatGPT-yə, ya da video generasiya sistemi olan “Sora”ya inteqrasiya oluna bilər. “OpenAI”nın əsas rəqibi “Google” artıq korporativ müştərilərə yönəlmiş ikinci nəsil musiqi modeli “Lyria”nı təqdim edib. Bu arada “Sun”o və “Udio” startapları sürətli artım nümayiş etdirir: “Suno”nun abunə gəlirləri bir il ərzində dörd dəfə artaraq 150 milyon dollara çatıb.
Yeni istiqamət üzrə əsas problemlərdən biri müəllif hüquqları olaraq qalır. ABŞ Səsyazma Sənayesi Assosiasiyası (RIAA) “Suno” və “Udio” şirkətlərinə qarşı iddialar qaldırıb və hər bir mübahisəli musiqi əsərinə görə 150 min dollara qədər kompensasiya tələb edir. “OpenAI” hüquq sahibləri ilə təhlükəsiz əməkdaşlıq modelini formalaşdırmalıdır. Şirkətin baş direktoru Sem Altman daha əvvəl bildirib ki, “OpenAI” kontent sahiblərinə “daha geniş nəzarət” və multimediya materiallarının generasiyası zamanı gəlirdən pay verməyə hazırdır.







