“OpenAI” şirkəti “X”ə bənzər sosial şəbəkə hazırlayır. Bu barədə mənbələrə istinadən “The Verge” yazır. Layihə inkişafın ilkin mərhələsindədir.
“OpenAI-nin sosial şəbəkəni müstəqil proqram kimi buraxmağı və ya onu ChatGPT-yə inteqrasiya etməyi planlaşdırdığı bəlli deyil”, – materialda deyilir.
Mütəxəssislərin fikrincə, “X”ə alternativin yaradılması Altman və platformanın sahibi İlon Mask arasında münaqişəni gücləndirə bilər. Keçən il Mask “OpenAI”ni bəşəriyyətin xeyrinə süni intellektdən (AI) istifadə etmək missiyasını pozmaqda günahlandırıb. “OpenAI” isə hesab edir ki, Mask rəqibini ləngitməyə çalışır.
“Wall Street Journal” öz mənbələrinə istinadən fevral ayında yazıb ki, İlon Maskın başçılıq etdiyi investorlar konsorsiumu “OpenAI”yə nəzarət edən qeyri-kommersiya təşkilatını almaq üçün 97,4 milyard dollar təklif edib. Fevralın 15-də məlum olub ki, “OpenAI”nin direktorlar şurası Maskın təklifini rədd edib.
Aprelin 10-da şirkət Maskı sistematik təzyiqdə ittiham edərək ona qarşı iddia qaldırıb. Hər iki tərəf 2026-cı ilin yazında andlılar məhkəməsinə başlamağı planlaşdırır.