“Meta” şirkətinin baş direktoru Mark Zukerberq “OpenAI”da süni intellekt (AI) sahəsində çalışan mühəndisi onun üçün işləməyə çağırıb və ona 1 milyard dollardan çox maaş təklif edib, lakin tərtibatçı razılaşmayıb, “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.
Bu, “Thinking Machines Lab” startapının həmtəsisçisi Endrü Tallokdur. Tallok – Avstraliya əsillidir, Sidneydə universitet təhsilini başa vurduqdan sonra “Facebook”da maşın öyrənməsi üzərində çalışıb. Sosial şəbəkənin keçmiş top meneceri Mayk Vernal tərtibatçını “müstəsna dahi” kimi xarakterizə edir.
2016-cı ildə az tanınan “OpenAI” Talloku işə götürməyə çalışdı, lakin o, maaş kəsilməsi səbəbindən bu təklifi qəbul etmədi. Yeddi il sonra Tallok, nəhayət, “ChatGPT” çat-botu çıxandan sonra “OpenAI”a qoşuldu.
WSJ-nin məlumatına görə, “Meta” 100-dən çox “OpenAI” əməkdaşı ilə əlaqə saxlayıb və ən azı on nəfəri şirkətə qoşulmağa razı salıb. “Financial Times”ın yazdığı kimi, Zukerberq süni intellekt üzrə mütəxəssisləri işə götürmək və özünün “super intellekt laboratoriyasını” yaratmaq üçün kütləvi kampaniyaya milyardlarla dollar sərmayə qoyur.