“OpenAI”nin baş direktoru və həmtəsisçisi Sem Altman “Worldcoin” kripto startapı üçün təxminən 100 milyon dollar vəsait toplamağı planlaşdırır və bu istiqamətdə danışıqlar aparır.
“Financial Times” yazır ki, daha əvvəl startapa vençur kapitalı firması “Khosla Ventures”, “Andreessen Horowitz” kripto fondu, həmçinin sahibkar Reyd Hoffman və çökmüş “FTX” kriptovalyuta birjasının banisi Sem Benkman-Frid sərmayə qoyub.
“Worldcoin” 2019-cu ildə Altman və onun ortağı Aleks Blania tərəfindən təsis edilib. “FT” qeyd edir ki, şirkət “ChatGPT” çat-botu və “DALL-E” generativ neyron şəbəkəsi sayəsində populyarlıq qazanan “OpenAI” ilə müqayisədə ictimai sahədə daha az fəaldır, lakin onun böyük ambisiyaları var.
Keçən il “Worldcoin” 100 milyon dollar dəyərində tokenlərinin satışını keçirib və bu, şirkətin tokenlərinin ümumi həcmini 3 milyard dollar dəyərində qiymətləndirməyə imkan verib.