“ChatGPT”nin inkişaf etdiricisi olan “OpenAI” maliyyələşdirmənin yeni mərhələsi üzrə danışıqlar aparır, bunun sayəsində şirkətin təxmin edilən dəyəri ən azı 100 milyard dollar ola bilər, “Bloomberg” yazır.
Maliyyə razılaşması əldə olunarsa, “OpenAl” ikinci ən dəyərli Amerika startapı olacaq (“SpaceX”dən sonra). Mənbələrin bildirdiyinə görə, müddəa və şərtlər hələlik dəqiqləşməyib.
Oktyabr ayında “Bloomberg” və “WSJ”nin bildirdiyinə görə, “OpenAl” özünü 86 milyard dollar dəyərində qiymətləndirərək işçilərin səhmlərinin bir hissəsini satmaq üçün danışıqlara başlayıb. Yanvarda şirkət 30 milyard dollar dəyərində qiymətləndirilib.
Sentyabr ayında “Financial Times” qəzeti “OpenAl”ın keçmiş “Apple” dizayneri Jony Ive və “Softbank Group”ın qurucusu Masayoshi Son ilə şirkətin ilk süni intellekt cihazını yaratmaq üçün danışıqlar apardığını bildirmişdi. “OpenAI”nin baş direktoru Sem Altman cihazın inkişafı üçün “Softbank”dan 1 milyard dollar almağı gözləyir.