2023-cü ildə hakerlər ChatGPT çat-botunun tərtibatçısı olan “OpenAl” əməkdaşlarının daxili yazışmalarına giriş əldə ediblər və süni intellekt texnologiyalarının inkişafı ilə bağlı məlumatları oğurlayıblar, “The New York Times” yazır. Şirkət işçilərinin ən son texnologiyaları müzakirə etdiyi onlayn forum “hack” edilib.
NYT-nin məlumatına görə, “OpenAl” rəhbərliyi kiberhücum barədə işçilərə və direktorlar şurasına məlumat verib. Eyni zamanda baş verənlər barədə ictimaiyyətə danışmamaq qərara alınıb.
“OpenAl” hadisəni milli təhlükəsizliyə təhdid hesab etmir. Şirkət hüquq-mühafizə orqanları ilə əlaqə saxlamayıb.
“OpenAI”nin 2015-ci ildən bəri inkişaf etdirdiyi ChatGPT-nin ilk versiyası 30 noyabr 2022-ci ildə istifadəyə verilib. 2023-cü ilin fevralında “OpenAI”nin məlumatına görə, həmin ildə istifadəyə verilmiş GPT-4 çat-botunun istifadəçilərinin sayı 100 milyon nəfərə çatıb.