“Nvidia” və “Thinking Machines Lab” çoxillik strateji tərəfdaşlıq elan ediblər. Müqavilə çərçivəsində gücü ən azı 1 QVt olan “Nvidia Vera Rubin” çiplərinin istifadəyə verilməsi planlaşdırılır. Layihənin 2027-ci ilin əvvəlində həyata keçirilməsi nəzərdə tutulur. “Reuters” 1 QVt gücündə infrastrukturu təxminən 50 milyard dollar dəyərində qiymətləndirir.
“Nvidia” həmçinin “Thinking Machines Lab”a əhəmiyyətli məbləğdə investisiya etdiyini bildirib, lakin dəqiq rəqəmi açıqlamayıb. 2025-ci ilin yayında startap 12 milyard dollar qiymətləndirmə ilə 2 milyard dollar investisiya cəlb etmişdi. Həmin vaxt investorlar arasında “Nvidia”nın da adı çəkilirdi.
Elə həmin ilin noyabrında “Bloomberg” mənbələrə istinadən yazırdı ki, şirkət 50 milyard dollar qiymətləndirmə ilə yeni investisiya cəlb etmək barədə danışıqlar aparır. Lakin “Sources”un məlumatına görə, startap yeni maliyyələşdirmə raundu cəlb etməkdə çətinliklərlə üzləşir.
“OpenAI”nin keçmiş texniki direktoru Mira Murati “Thinking Machines Lab”ın yaradıldığını 2025-ci ilin fevralında elan etmişdi. Bildirilmişdi ki, startap insanların unikal ehtiyac və məqsədlərinə uyğun işləyən süni intellekt alətlərinin hazırlanmasına fokuslanacaq. Oktyabr ayında isə ilk məhsul — “Tinker” təqdim edilib.
2026-cı ilin yanvarında Murati startapın həmtəsisçisi və texniki direktoru Barrett Zofun “Thinking Machines Lab”dan ayrıldığını açıqlayıb. Həmin vaxt digər həmtəsisçi Lük Metz və əməkdaş Sem Şönholz da şirkətdən ayrılaraq “OpenAI”yə qayıdıblar. “Sources”un mənbələri bildirir ki, startapın hələ də aydın məhsul və biznes strategiyası yoxdur.







