Ölkə ərazisində optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsi və şaxələndirilməsində “Azərişıq” ASC-nin elektrik xətlərinin dirəkləri istifadə olunacaq.
Bunu ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.
Onu sözlərinə görə, bu gün artıq “Azərişıq”ın Bakı kəndlərində olan mövcud infrastrukturundan geniş şəkildə istifadə olunur.
“Eyni qaydada işlər Cənub zonasında, misal olaraq Şirvanda bizimlə birgə layihə icra olunur. Mövcud infrastruktur operatora stimul yaratdı ki, tez bir zamanda ölkə üzrə optik şəbəkənin yaradılmasına nail olunsun. Əvvəllər işıq dirəklərinin altından hər hansı kommunikasiyaların keçməsinə icazə verilmirdi. Çünki xətlər izolyasiya olmadığına görə radiasiya yaranırdı ki, bu da kommunikasiyanı ciddi şəkildə pozurdu. Hazırda isə SİP kabellərdən istifadə olduğu üçün belə bir problem yaşanmır və biz rabitə xətlərinin çəkilməsinə icazə verdik”, – deyə Qalib Həmidov əlavə edib.
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strategiyasına uyğun olaraq Azərbaycanın bütün rayonları, hətta ən ucqar kəndləri belə 2024-cü ilədək optik internet xidməti ilə tam təmin olunacaq.