“Optimal Elektronika” MMC 2022-ci ilin ilk yarısında 9 mağazasını (filialını) ləğv edib.
Bu barədə Banker.az elektronika şirkətinin hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd edilir ki, “20 yanvar”, “Ağdam”, “Bakıxanov 1”, “Beyləqan Mebel”, “Masazır”, “Mərdəkan”, “Nizami”, “Sabunçu” və “Xırdalan 2” filialları ləğv edilib, heç bir filial yaradılmayıb.
Qeyd edək ki, 2021-ci il ərzində “28 May-2”, “28 May-3”, “Göyçay mebel” və “Şabran mebel” filialları ləğv edilmişdi. Əvəzində isə “Ağdam” və “Lerik” filialı açılmışdı.
Şirkətin 1 aprel 2022-ci il tarixində işçi sayı 1 192 nəfər olduğu halda, 1 iyul 2022-ci il tarixində 1 097 nəfərə düşüb.
Mağazalar şəbəkəsi Əhəd Əsgərovundur. Şirkətin 11.49 milyon manatlıq nizamnamə kapitalında onun payı 100 faizdir.
Şirkətin 2022-ci ilin ilk yarısında 42.84 milyon manatlıq ümumi əməliyyat gəliri olub. 2021-ci ilin ilk yarısı üzrə rəqəmlər təqdim edilməsə də, tam il üzrə göstərici 113.43 milyon manat idi. Bu rəqəmi də ikiyə böldükdə 56.5 milyon manatdan çox edir.