Azərbaycanda elektrik məhsullar satan mağazalar şəbəkəsi “Optimal Elektroniks” MMC barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.
Banker.az xəbər verir ki, protokola Yevlax Rayon Məhkəməsində hakim Günay Cavadovanın sədrliyi ilə baxılacaq.
Protokol İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib. Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.
Qeyd edək ki, 2013-cü ildə yaradılan “Optimal Elektronika” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir. Şirkətin nizamnamə kapitalı 2 884 910 manatdır.