ABŞ-nin proqram təminatı və server avadanlıqları istehsalçısı “Oracle” şirkətin səhmlərinin kəskin ucuzlaşması fonunda kütləvi ixtisarlara başlayıb. “CNBC News”un məlumatına görə, ixtisarlar 30 min nəfərə qədər əməkdaşı, yəni şirkətin ümumi heyətinin təxminən 18%-ni əhatə edə bilər. Bu addımın nəticəsində sərbəst pul axınının 8–10 milyard dollar artırılması planlaşdırılır.
2026-cı ildə “Oracle” səhmləri 25% ucuzlaşıb, bu isə digər texnoloji şirkətlərlə müqayisədə daha böyük enişdir. Eyni zamanda, “Oracle” daha əvvəl süni intellekt infrastrukturlarının aktiv inkişafı ilə bağlı öhdəlik götürüb ki, bu da təxminən 156 milyard dollar həcmində kapital xərcləri tələb edir. Layihənin maliyyələşdirilməsi üçün şirkət 2026-cı ildə təxminən 50 milyard dollar borc və səhm vəsaiti cəlb edib.
Sahə üzrə nəşrlər qeyd edir ki, “Oracle”dakı ixtisarlar ABŞ, Hindistan, Kanada və Meksikadakı əməkdaşlara təsir edib. Onların hamısı 31 mart tarixində insan resursları şöbəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən işdən çıxarıldıqları barədə elektron məktub alıblar. Həmin gün onların korporativ sistemlərə çıxışı da dayandırılıb.






