8 C
Baku
Friday, March 6, 2026

“Oracle” xərclərin artması fonunda minlərlə əməkdaşını ixtisar edir

İxtisarlar şirkətin müxtəlif bölmələrini əhatə edəcək. “Bloomberg” mənbələrə istinadən yazır ki, süni intellekt və neyron şəbəkələrin inkişafı ilə ehtiyacı azalan bəzi vəzifələr də ləğv olunacaq.

Mənbələrin sözlərinə görə, 2 mart 2026-cı il həftəsində şirkət əməkdaşlara həmçinin bulud bölməsində açıq vakansiyaların yenidən nəzərdən keçiriləcəyini və ehtimal ki, işə qəbulun “yavaşladılacağını və ya dondurulacağını” bildirib. “Oracle” isə bu məlumatı şərh etməkdən imtina edib.

2025-ci ilin sentyabrında “The Wall Street Journal” xəbər vermişdi ki, “OpenAI” və “Oracle” arasında 300 milyard dollar dəyərində hesablama güclərinin alınması barədə razılaşma var. Qəzet həmin vaxt bu sazişi hər iki tərəf üçün riskli adlandırmışdı: zərər edən “OpenAI” istənilən digər startapdan daha çox pul xərcləyir, “Oracle” isə gələcək data-mərkəzlər üçün çiplərin alınmasını maliyyələşdirmək üçün çox güman ki, kredit götürməli olacaq. Şirkətin müqavilə gəlirlərinin böyük hissəsi “OpenAI”dən asılı olacaq.

Dekabrda “Oracle” bildirmişdi ki, 2026 maliyyə ilinin sonunda kapital xərcləri təxminən 50 milyard dollar olacaq. Halbuki əvvəlki proqnoz 35 milyard dollar idi.

Şirkət həmçinin 2026-cı ildə 50 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır. Bu vəsait bulud infrastrukturunun genişləndirilməsi və böyük müştərilərin — o cümlədən AMD, “Nvidia”, “Meta Platforms”, “OpenAI”, “TikTok” və “xAI” — tələbatını qarşılamaq üçün nəzərdə tutulub. “Oracle” vəsaitin təxminən yarısını səhmlərin yerləşdirilməsi, qalanını isə istiqraz buraxılışı hesabına cəlb etmək istəyir.

Şirkətin 2026 maliyyə ilinin ikinci rübündə gəliri 16,06 milyard dollar, xalis mənfəəti isə 6,14 milyard dollar olub. Üçüncü rüb üzrə hesabatın 10 mart 2026-cı ildə açıqlanması planlaşdırılır. Bakı vaxtı ilə saat 23:58-ə olan məlumata görə, “Oracle” səhmləri 0,52% artaraq 153,18 dollar səviyyəsində ticarət olunub.

Son xəbərlər
Digər xəbərlər