Cümə axşamı, sentyabrın 11-də, Bakı vaxtı ilə saat 9:05-də Amerikanın S&P indeksi üzrə fyuçers 0.01% azalaraq 6539.5 bənd təşkil edib. Əvvəlki gün ABŞ indeksləri əsasən artımla yekunlaşıb.
İnvestorlar “Oracle”ın bulud biznesinin inkişaf perspektivini müsbət qarşılayıblar. Şirkətin səhmləri ticarət sessiyasında təxminən 36% bahalaşıb və bu, 1992-ci ildən bəri ən yaxşı göstəricidir. “Oracle”ın bazar kapitallaşması rekord 244 milyard dollar artıb.
Xatırladaq ki, daha əvvəl “ChatGPT”nin tərtibatçısı “OpenAI” şirkəti süni intellektin (Sİ) inkişafı üçün hesablama gücünün artırılması məqsədilə “Oracle” korporasiyası ilə 5 il müddətinə 300 milyard dollarlıq müqavilə bağlayıb.
“Oracle”ın həmtəsisçisi Larri Ellison şirkətin səhmlərinin sürətli artımı fonunda ilk dəfə olaraq dünyanın ən varlı insanı olub və sahibkar İlon Maskı geridə qoyub. Artımın səbəbi şirkətin 2026-cı maliyyə ilinin birinci rübü üzrə maliyyə hesabatı olub. Hesabata görə, “Oracle”ın gəliri 12% artaraq 14.9 milyard dollar təşkil edib, gələcək öhdəliklərin (RPO) həcmi isə 359% artaraq 455 milyard dollara çatıb.