Beynəlxalq Valyuta Fondunun (BVF) yeni proqnozuna əsasən, Orta Şərq və Mərkəzi Asiya regionunda (MENAP) ÜDM istehsalı bu il 4,4% azalacaq, 2021-ci ildə isə 2,9% artacaq.
BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook”un oktyabr buraxılışına istinadən, bu il regionda inflyasiya 9,5%, gələn il isə 9,9% olacağı gözlənilir.
Fond bu il üçün MENAP ölkələrində ÜDM üzrə ən optimistik proqnozu neft idxalçısı olan Misirə verib. BVF-nin proqnozlarına əsasən, sözügedən ölkədə bu il iqtisadiyyat 3,5%, 2021-ci ildə isə 2,8% artacaq. Ən bədbin gözləntilər isə neft ixracatçısı olan Liviya üzrədir. Belə ki, bu ölkədə cari ildə ÜDM-in 66,7% azalacağı, 2021-ci ildə isə 76% artacağı gözlənilir.
İnflyasiya gəldikdə, Fond bu il regionda ən yüksək istehlak qiymətlərinin artımının neft idxalçısı olan Livanda olacağını proqnozlaşdırır – 85,5%. Neft ixracatçısı olan Qətərdə isə bu il 2,2%-lik deflyasiya, 2021-ci ildə isə 1,8%-lik qiymət artımı gözlənilir.