Qətərin “Al Baladi Holding” və Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş “Green Capital Management” şirkəti arasında imzalanan Strateji Tərəfdaşlıq Sazişi hər iki ölkə arasında iqtisadi və biznes əlaqələrinin inkişafında yeni bir mərhələ açır.
Bunu İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Qətər bütün dünya üçün” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Qətər franşizalarının Azərbaycanda qurulmasını əhatə edən bu saziş, Azərbaycan və Qətər arasındakı iqtisadi əlaqələrin dərinləşməsi baxımından mühüm addımdır: “Güclü siyasi tərəfdaşlıq iqtisadi əlaqələr üçün möhkəm təməl yaradıb və bu, ortaq məqsədlərə və rifaha doğru irəliləməyi asanlaşdırıb”.
Qeyd edək ki, sazişə əsasən, Bakıda populyar brend olan “Go Crispy” və “Tea Time” restoranlarının açılması planlaşdırılır. Yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.