9 C
Baku
Thursday, December 12, 2024

Osman Gündüz: Azərbaycan pulu dolayısilə xaricə axır

Yanvarın 1-dən etibarən Azərbaycanda elektron ticarət 18 faizlik ƏDV-yə cəlb olunub.

Qanun qüvvəyə mindikdən sonra xaricdən bir sıra xidmətlər alan şəxslər 18 faizlik ƏDV-dən yayınmağa başlayıblar.

Yəni, bir neçə şəxs qonşu ölkələrə, əsasən də Gürcüstana müraciət edir. Orada bank kartı açdırır və xaricdən məhsulu onlayn şəkildə sifariş verir və ya istifadə etdiyi xidmətin pulunu ödəyir. Beləliklə də, ölkədən pullar bu yolla xaricə çıxır və ƏDV-dən yayınma halları baş verir.

Maraqlıdır ki, artıq ölkə vətəndaşları bir neçə xidmət üçün də qonşu Gürcüstana müraciət etməkdədirlər. Məlumdur ki, neçə illərdir ki, hər il yay aylarında vətəndaşlarımız Gürcüstana turist kimi axın edirlər.

Turizm mütəxəssisləri isə bunun səbəbini ölkədə hotel xidmətlərinin baha olması ilə əlaqələndirirlər. Buna görə də insanlar istirahət üçün ucuz və əlçatan olan Gürcüstana gedirlər.
İndi isə elektron ticarətdə eyni hal baş verməkdədir. Elektron xidmətlərdən istifadə edənlər bank kartı açdırmaq üçün də ora müraciət edirlər. Belə olan halda turizmdə uduzduğu kimi, bu sahədə də onlara uduzmuş görünürük.

Bəs problemin həlli yolları nədir, bu xidmətlər ƏDV-yə cəlb olunmalıdırmı? Proses bu cür baş verəcəksə, ölkə büdcəsi bundan nə qazanmış olacaq?

Bu kimi suallarla Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzə, millət vəkili Vahid Əhmədova və Vergilər Nazirliyinə müraciət edilib.

Osman Gündüz qeyd edib ki, Vergilər Nazirliyi, Milli Məclis Vergilər Məcəlləsinə dəyişiklik edəndə bir neçə prinsipdən çıxış edib: “Ölkədə yerli elektron ticarətin inkişafını stimullaşdırmaq, xarici və yerli ticarət arasında olan diskriminasiyanı aradan qaldırmaq, müəyyən şəffaflıq yaratmaq. Əslində, hökumətin və Vergilər Nazirliyinin bu qərarı anlaşılan idi.

Burada xoş niyyət var idi. Amma reallıq tamam başqa məsələni diktə edir. Məsələ odur ki, dünya qloballaşıb. Ona görə də, “Elektron ticarət haqqında” qanun qəbul edəndə bu qloballaşmanı nəzərə almaq lazımdır. İndi bu onlayn resurslar xaricdədir. Əgər ƏDV tətbiq olunursa, xarici ölkələrin bank kartlarından istifadə nəzərə alınmalı idi. İnsanlar xaricə səfər edəndə hansısa xidmətlər üçün banklarda hesab açdıra bilərlər.

Yeni qanun qəbul olunandan sonra adamların çox hissəsi qonşu ölkələrə gedib bank kartı açdırırlar. Azərbaycana gələrək onlayn xidmətləri də o kart vasitəsilə sifariş edirlər. Hətta ölkənin özündə də elə xarici banklar var ki, onların kartını alanda 18 faiz ƏDV-ni ödəmirsən. Söhbət “Hosting”, “Google” xidmətləri, “Facebook”un reklamla bağlı xidmət və oyunlarından gedir”.

Onun sözlərinə görə, nəzərdə tutulan xidmətlər yerli olmadığı üçün xaricdən alınmalıdır: “Hesab edirəm ki, burada ciddi təhlükə var. İnsan, qurumların əlində olan pullar yenə də xaricə axacaq. Orada banklara qoyulacaq. Qanun valyutanın xaricə axmasının qarşısını almaq üçün tətbiq olunub. Əksinə isə, indi məlum olur ki, dolayısı yolla valyuta xaricə çıxır.

Ona görə də, hesab edirəm ki, müvafiq qurumlar yenidən bunun müzakirəsini təşkil edib uyğun qərar qəbul etməlidir. İndiki halda ƏDV-nin tətbiq olunması düzgün deyil. Bu xidmətlər Azərbaycanda olandan sonra ona ƏDV tətbiq etmək olar. İndi isə bunun qarşısını almaq çox çətindir”.

Millət vəkili Vahid Əhmədov bildirib ki, elektron ticarət də ticarətin bir forması olduğu üçün ƏDV-yə cəlb olunmalıdır: “Milli Məclisdə məsələ müzakirə olunanda bu məsələni nəzərə almışdıq. İndi qərar qəbul olundu, ilin əvvəlində isə qüvvəyə mindi. Bu məsələ Milli Məclisdə müzakirə olunanda da müəyyən tərəddüdlər var idi. Müəyyən insanlar sui-istifadə edərək ƏDV ödəməmək məqsədilə Gürcüstana və digər dövlətlərə müraciət edirlər.

Amma mənə elə gəlir ki, Vergilər Nazirliyi bu işin qarşısını alacaq. Buna imkan verməzlər. Elektron ticarət geniş yayılıb, ona görə də ƏDV-yə cəlb olunmalıdır. Belə yayınmalar varsa, nazirlik müəyyən qərarlar qəbul edəcək. Qanunun işlək mexanizmi barədə yəqin ki, fikirləşəcəklər”.

Məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlanılıb. Onlar sözügedən problemlə bağlı məlumat verəcəklərini qeyd ediblər.

Qafqazİnfo

Son xəbərlər
Digər xəbərlər