9 C
Baku
Sunday, November 17, 2024

Ötən 26 ildə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 577 qərar və 167 qərardad qəbul edilib

Fəaliyyət göstərdiyi ötən 26 il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 577 qərar və 167 qərardad qəbul edilib.

Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məhkəmənin fəaliyyətə başlamasının 26-cı ildönümü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub.

Bildirilib ki, bu qərar və qərardadlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, burada əksini tapan insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir:

“Qeyd edilməlidir ki, 2024-cü ildə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən daxil olmuş sorğu, müraciət və şikayətlərə dair ölkənin Əsas Qanununda təsbit edilmiş normalar və prinsiplər rəhbər tutularaq bir sıra mühüm əhəmiyyət kəsb edən qərar və qərardadlar qəbul edilib. Əhəmiyyəti nəzərə alınaraq qəbul edilmiş qərarlardan və orada formalaşmış hüquqi mövqelərdən bəziləri xüsusi olaraq vurğulanmalıdır.

Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 31 yanvar tarixli Qərarda formalaşdırılan hüquqi mövqedə Konstitusiya Məhkəməsinin Plenumu ilk öncə Konstitusiyanın preambulasına, 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə istinad edib”.

F.Abdullayev ölkədə əmək münasibətlərinin tənzimlənməsi istiqamətində qəbul olunmuş qərarlara da toxunub:

“Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə istinad edərək qeyd edib ki, əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Qeyd edilib ki, belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilib”.

Son xəbərlər
Digər xəbərlər