2022-ci ilin yanvar ayında emal sektorunda 10.5 mln. manat dəyərində geyim istehsal olunub ki, bu da illik müqayisədə 6.4% azalma deməkdir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar ayında ölkədə 26.5 min ədəd üst geyim, 58.1 min ədəd alt geyim istehsal olunub ki, bu göstəricilər də illik müqayisədə müvafiq olaraq 54.6% və 30.6% azdır.
Komitənin məlumatına əsasən, corab istehsalında isə 33.4% artım müşahidə olunur. Belə ki, yanvar ayında 187 min cüt corab istehsal olunub. Qadın və ya qızlar üçün ostyum və komplektlərin istehsalı ötən ilin yanvar ayı ilə müqayisədə 50.6% artaraq 467 ədədə çatıb. Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektlərinin istehsalı cüzi – 0.6% artıb və 15.8 min ədəd olub.
DSK-dan bildirilir ki, 2022-ci ilin yanvar ayında geyim məhsullarının istehlak qiyməti indeksi 2021-ci ilin yanvar ayına nisbətən 6.1%, artıb. ötən ilin dekabr ayına nisbətən isə 0.6% artıb. Qeyd edək ki, 2021-ci ilin yanvar ayında da bu göstəricidə illik müqayisədə 1.2% artım müşahidə olunmuşdu.